"Hyuston Rokets"in mərkəz oyunçusu Alperen Şengün yeni mövsüm öncəsi hücum potensialını genişləndirmək niyyətindədir. Avropanın ən perspektivli böyük oyunçularından biri hesab olunan Şengün, karyerasında ilk dəfə olaraq kənardan atış üzərində ciddi şəkildə işlədiyini bildirib.
Offsideplus.az xəbər verir ki, 24 yaşlı basketbolçu xüsusilə küncdən üçlük atışlarını təkmilləşdirmək üçün məşqçi Çip Engellandla birgə çalışır. "Çox güman ki, künc üçlükləri. Məşqçi və komanda yoldaşlarım da bunu istəyir, mən də inkişaf etmək arzusundayam. Meydançada daha çox boşluq yaratmaq və komanda yoldaşlarıma şərait qurmaq istəyirəm," – deyə Şengün vurğulayıb.
O, psixoloji hazırlığın vacibliyini qeyd edib: "Sadəcə özümə inam yaratmaq, çoxlu təkrar atışlar etmək və düşünmədən atmaq lazımdır. Mənim üçün əsas məsələ psixologiyadır. Atış zamanı özümü yaxşı hiss edirəm, amma oyunda bəzən tələsirəm. Hazırda bunun üzərində işləyirəm."
Şengün, atış məşqçisi Çip Engellandla əməkdaşlığını yüksək qiymətləndirib: "O, əsl dahidir. Artıq fərqi hiss edirəm. Kiçik detalları göstərir, videolarla izah edir və inkişafım üçün hər şeyi edir."
"Hyuston Rokets" mövsümöncəsi hazırlıq çərçivəsində Makao şəhərində "Dallas Maveriks"lə iki yoxlama oyunu keçirəcək. Komanda əsas mövsümə isə oktyabrın 21-də "Toyota Center"də məhz "Dallas Maveriks"ə qarşı start verəcək.


