Taj Gibson basketbolçu karyerasını başa vurduqdan sonra "Çikaqo Bulls"un məşqçilər korpusuna qoşulub. O, NBA-də ilk addımlarını da məhz bu klubda atıb və ikinci mövsümdən etibarən Tom Tibodo ilə çalışıb.
Offsideplus.az xəbər verir ki, Gibson yeni vəzifəyə başladığı ilk gündən böyük təəssüratlar yaşadığını bildirib. Onun sözlərinə görə, Tom Tibodo ona zəng edən ilk insanlardan biri olub və bu söhbət təxminən bir saat yarım davam edib: "Düşünürdüm ki, söhbət cəmi 10 dəqiqə çəkəcək, amma demək olar ki, bir saat yarım danışdıq. O, mənə bütün detalları, öhdəlikləri və nələrdən çəkinməli olduğumu izah etdi. Sanki əmim zəng etmişdi. Həmişə bu münasibəti bəyənmişəm. Bizim məşqçilər korpusu deyil, ailə idi. 'Çikaqo Bulls'da məni ən çox sevindirən də bu idi – oyunçulara münasibət. Buna görə də qayıtdığıma çox şadam", – deyə Gibson vurğulayıb.


