"Qarabağ"ın müdafiəçisi Bense Varkonyi Macarıstan millisinə ilk dəfə dəvət alması barədə təəssüratlarını klubun rəsmi saytına bölüşüb.

Offsideplus.az xəbər verir ki, 24 yaşlı futbolçu yığmaya çağırılmasını böyük sevinclə qarşıladığını bildirib:

"Milliyə çağırılacağımı öyrənəndə çox sevindim. Bu xəbəri böyük xoşbəxtliklə qarşıladım. Düşünürəm ki, hansı səviyyədə olmasından asılı olmayaraq, idmana başlayan hər bir insanın arzusu və məqsədi bir gün öz ölkəsi üçün mübarizə aparmaq, milli komandanın formasını geyinməkdir".

Bu yay Ağdam təmsilçisinə qoşulan Varkonyi bu transferin yığmaya çağırılmasında mühüm rol oynadığını vurğulayıb:

"Yayda "Qarabağ"a transfer olunmağım mənim üçün böyük addım idi. Xaricdə, yaxşı bir komandada özümü göstərmək istəyirdim. Yəqin ki, ilk dəfə milli komandaya dəvət almağımda bunun da rolu var. Kluba çox minnətdaram, çünki mənə hər məsələdə dəstək olurlar. Göstərilən etimadı doğrultmaq üçün ən yaxşı oyunumu nümayiş etdirməyə çalışıram. Təbii ki, həm komanda, həm də fərdi səviyyədə qarşıma qoyduğum məqsədlər var və onlara çatmaq üçün əlimdən gələni edəcəyəm".

Qeyd edək ki, UEFA Millətlər Liqasında mübarizə aparan Macarıstan millisi sentyabrın 25-də Ukraynanı, oktyabrın 2-də isə Gürcüstanı qəbul edəcək. Onlar sentyabrın 28-də Şimali İrlandiyanın, oktyabrın 5-də isə Ukrayna yığmasının qonağı olacaq.