Kosovo çempionatında mübarizə aparan və çempionluğa əsas iddialılardan olan "Malişeva" son turda səfərdə "Llapi"yə qalib gəlib.
Görüşdə hesabı Azərbaycan milli komandasının üzvü Vüsal İsgəndərli açıb. O, iki həftə əvvəl də het-trikə imza atmışdı.
30 yaşlı hücumçu Offsideplus.az-a Albaniya və Kosovo çempionatlarının fərqlərindən danışıb:
"Əslində, həm oxşar, həm də fərqli cəhətləri var. Hər iki liqada çempionluq uğrunda mübarizə aparan 5-6 komanda var və bu faktor rəqabəti daha da çətinləşdirir. Həm Albaniyada, həm də Kosovoda sərt, aqressiv oyuna üstünlük verilir. Kosovo çempionatının əsas fərqi isə komandaların taktiki baxımdan üstün olmalarıdır".
İsgəndərli yeni komandasına uyğunlaşma prosesi barədə də fikirlərini bölüşüb:
"Malişeva"da özümü çox rahat hiss edirəm. Məşqçi korpusu, rəhbərlik, futbolçular — hər kəs ilk gəldiyim gündən mənə böyük dəstək olub. Bu, həm məni çox sevindirdi, həm də uyğunlaşma prosesini sürətləndirdi".


