"Sakramento Kinqs"in mərkəz oyunçusu Domantas Sabonis ətrafında transfer söz-söhbətləri son günlər daha da güclənib. Üçqat NBA Ulduzlar oyunçusu olan litvalı basketbolçunun klubdan ayrılmaq istədiyi bildirilir.

Offsideplus.az xəbər verir ki, Sabonis yeni agentlə əməkdaşlığa başlayıb və müqavilə uzatması hüququ əldə edib. Bu isə "Şarlott Hornets"in ona marağını daha da artırıb. Məlumata görə, "Sakramento Kinqs" daha əvvəl "Toronto Reptors"la da irəliləmiş danışıqlar aparıb. Lakin son aylarda "Şarlott Hornets" Sabonisin transferi üçün ardıcıl cəhdlər göstərir və əgər "Kinqs" onu bazara çıxarsa, əsas namizəd məhz Şimali Karolina klubu olacaq.

Sabonis 2025–26 mövsümündə 19 oyunda 15,8 xal, 11,4 ribaund və 4,1 assistlə yadda qalıb. Onun zədəsi mövsümün gedişatına təsir edib. Əvvəlki, 2024–25 mövsümündə isə Sabonis hər oyunda 19,1 xal, 13,9 ribaund və 6,0 assist göstərmişdi.

Belə bir oyunçunun "Şarlott Hornets"in ön xəttinə qoşulması komandanın hücum potensialını xeyli artıracaq və onları Şərq Konfransında iddialı rəqibə çevirəcək. Sabonis həm də hücumun əsas mərkəzi və üçqat dubl potensialına malik oyunçu kimi fərqlənir.

Basketbol Əfsanəsi Arvydas Sabonisin oğlu olan Domantas Sabonis 2016-cı ildə NBA dreftində 11-ci seçimlə liqaya daxil olub. O, "İndiana Peysers"də ardıcıl iki dəfə Ulduzlar oyununa seçilib və 2022-ci ildə "Sakramento Kinqs"ə keçidindən sonra iki dəfə NBA-nın üçüncü simvolik yığmasına düşüb.