Fransalı müdafiəçi Samyuel Umtiti "Qızıl Top" mükafatı ilə bağlı fikirlərini bölüşüb.
Offsideplus.az xəbər verir ki, sabiq "Barselona" oyunçusu bu mükafatın futbolun komanda ruhuna mənfi təsir etdiyini bildirib. O qeyd edib ki, insanlar artıq komanda uğurlarından çox fərdi mükafatı qazanmağa çalışırlar.
"Kilian Mbappe özünə inamlı insandır. Deyə bilərik ki, bu barədə danışmamalıdır, meydanda baş verənlərə diqqət yetirməlidir. Hamı gördü ki, o, çoxlu qol vurdu, bəzi anlarda yaxşı oyun göstərdi. Amma ondan soruşsanız, "Qızıl Top"u kim qazanacaq?' – öz adını çəkəcək. Bu, kiməsə xoş gələ bilər, kiməsə yox. Mən, məsələn, bununla razı deyiləm. Hücumçular bu mükafatı çox sevir, amma mənə görə, bu, yalnız onlara verilməməlidir. Siyahıya Kinyones də daxil edilib, amma o, dünya çempionatında nə etdi? (Meksika millisində dörd qol vurub – red.) Bunu görəndə düşündüm ki, bu, zarafatdır. Ciddi deyirəm, bu mərasimi izləməyəcəyəm.
Hücumçular üçün "Qızıl Top"u qazanmaq inanılmazdır. Amma bu mərasim artıq mənasını itirib, futbolun komanda ruhuna böyük zərər vurur. İnsanlar daha çox bu mükafatı necə qazanmaq barədə düşünür, nəinki komanda uğurları barədə. Komandanla Çempionlar Liqasını qazana bilərsən, amma fikrin yalnız özündə olar. Yenidən statistikadan danışmağa başladıq, amma bu, kifayət deyil. Futbol təkcə statistika deyil. Messi və Ronaldu dövründən sonra bu mükafatın təqdimatını izləmirdim. Onların statistikası inanılmaz idi və böyük titul qazanmasalar belə, mövsümü möhtəşəm keçirirdilər. İndi isə bir nəfəri xüsusi seçmək vacib deyil", – deyə Umtiti bildirib.


