"Olimpiya Milano"nun baş meneceri Xristos Stavropoulos Avropa basketbolunun gələcəyi və NBA Europe layihəsinin mümkün təsiri barədə fikirlərini bölüşüb. O, paralel liqaların yaradılmasının bazarda parçalanmaya səbəb olacağını vurğulayıb və NBA ilə əməkdaşlığın ideal olacağını qeyd edib. Lakin Stavropoulos bildirib ki, EuroLeague rəhbərliyi müstəqil şəkildə inkişaf planlarını həyata keçirməyə tam hazırdır.
Offsideplus.az xəbər verir ki, təcrübəli funksioner bir daha Avropada paralel liqaların yaradılmasının mənfi nəticələrə gətirib çıxaracağını xatırladıb. "Əlavə bir yarış əlavə etdikdə, bazar parçalanır. Mən bunu dəfələrlə demişəm, NBA ilə əməkdaşlıq ideal olardı. Amma bu, hələlik təmin olunmayıb", – deyə Stavropoulos bildirib. O əlavə edib ki, EuroLeague rəhbərliyi gələcəklə bağlı aydın planlara malikdir: "Françayzinq, komanda sayının artırılması barədə artıq eşitmisiniz. Avropada basketbol sürətlə inkişaf edir. EuroLeague böyüyür".
Stavropoulos vurğulayıb ki, qarşıdakı illər çox vacib olacaq: "Çoxlu komanda françayzinq üçün müraciət edib – hazırda 11 komanda var və bu say artmaqdadır. İdarə heyəti yaxın vaxtlarda gələcəklə bağlı qərar verəcək. NBA ilə bağlı hələlik heç bir yenilik yoxdur. Əgər gələcək onlarla deyilsə, bu da problem deyil. Bizim artıq öz yolumuz var və onu bilirik".


