Basketbol üzrə Azərbaycanın U-20 millisinin baş məşqçisi Anar Sarıyev Avropa çempionatının B divizionunda qazanılan nəticəni dəyərləndirib.

Offsideplus.az xəbər verir ki, baş məşqçi turnirin komanda üçün böyük təcrübə olduğunu və gələcəyə ümidlə baxdıqlarını bildirib:

"İlk öncə hər kəsə təşəkkür edirəm. Bizim üçün çox gərgin və maraqlı bir çempionat keçdi. Düzdür, tam istədiyimiz nəticəni ala bilməsək də, ilk dəfə iştirak etdiyimiz belə önəmli bir yarışda çox yaxşı nəticə qazandıq. Amma mən inanıram ki, biz daha da yaxşısına layiqik və gələn il daha yuxarı pillələrdə olacağıq.

Qrupumuz çox güclü idi. İlk oyunda tam təhlil edə bilmədiyimiz İsveç millisi turnirin sonunda B divizionunda üçüncü oldu. Digər komandalarla da layiqincə mübarizə apardıq. Qalib gələ bilmədiyimiz oyunlar da gənc basketbolçularımız üçün böyük təcrübə oldu. Meydanda oyunun tempini hiss etdik, önə keçməyi də bacardıq, böyük xal fərqindən geri dönüşlər etməyi də. Bu, oyunçularımızın özünəinam hissindən və idmançı xarakterindən xəbər verir. Bu uğur son dörd ildə federasiyamızın və ümumilikdə basketbol ailəmizin gördüyü işin bəhrəsidir".

Sarıyev 11-ci yerin növbəti püşkatmalarda komandaya böyük üstünlük qazandıracağını vurğulayıb:

"21 komanda arasında 11-ci yeri tutmaq bizim üçün tarixi bir ilkdir. Bu nəticənin ən böyük müsbət tərəfi odur ki, gələn ildən etibarən biz püşkatmada son səbətdən yox, daha üst səbətdən qoşulacağıq. Bu da növbəti yarış üçün komandamıza çox böyük üstünlük verəcək".