U-20 millimizin Slovakiya səfəri tarixi bir ilklə başa çatıb.
Offsideplus.az xəbər verir ki, 20 yaşa qədər oğlanlar arasında keçirilən Avropa çempionatı B divizionun oyunları yekunlaşıb.
Bratislava şəhərində keçirilən yarışda Anar Sarıyevin rəhbərlik etdiyi U-20 milli komandamız son oyununu Niderland seçməsinə qarşı keçirib və 66:60 hesabı ilə rəqibinə qalib gəlib. Avropa çempionatı B divizionunda iştirak edən 21 komanda arasında yaş ortalamasına görə 3 ən gənc kollektivdən biri olan millimiz, çempionatı 11-ci pillədə başa vurub.
Bu nəticə Azərbaycan basketbol tarixində bir ilk olub. Belə ki, qrupdakı ən güclü rəqibimiz olan İsveç millisi çempionatın bürünc medallarına sahib çıxıb.
Digər rəqibimiz İrlandiya komandası pley-off mərhələsini uğurla keçərək yarışın 5-cisi olub. Şimali Makedoniya yığması isə ilk onluqda qərarlaşaraq çempionatı 9-cu sırada başa vurub.
Millimiz çempionat boyu göstərdiyi əzmkar oyun sayəsində ümumi sıralamada düz 10 ölkəni geridə qoymağı bacarıb.


