UEFA Çempionlar Liqası çərçivəsində keçiriləcək "Sabah" - "KuPS" matçından öncə paytaxt temsilçisinin baş məşqçisi Valdas Dambrauskas mətbuat konfransında iştirak edib.

Offsideplus.az xəbər verir ki, litvalı mütəxəssis qarşılaşma öncəsi komandasının hazırlıq vəziyyətini, avrokuboklardakı şanslarını və fiziki durumu dəyərləndirib:

"Rəqibimizə "xoş gəldiniz" demək istəyirəm. İnanıram ki, qonaqpərvərliyimizi hiss edəcəklər. Oyunçularımızın hər biri sabahkı oyuna hazırdır. Tamamilə matça köklənməliyik. Özümüz və azarkeşlərimiz üçün oynayacağıq".

Dambrauskas avrokuboklardakı şanslar barədə danışmağın hələ tez olduğunu bildirib:

"Bu barədə danışmaq erkəndir. Evdə oynayacağıq, favoritik. Hər kəs öz işini görməlidir. Kağız üzərində kimsə üstün görünə bilər, amma bu yol çox uzundur. Bütün diqqətimizi sabahkı oyuna yönəltməliyik".

Təcrübəli çalışdırıcı komandanın optimal forması və fiziki durumu haqqında da fikirlərini bölüşüb:

"Optimal formaya düşmək üçün nə qədər oyun lazım olduğunu demək çətindir - 5 oyun da ola bilər, 10 da, 15 də. İndi bu barədə danışmağın mənası yoxdur. Bütün komponentlərdə ən yaxşısını etməyə çalışacağıq. Sabahkı matç tək oyundan ibarətdir. Əla formada olsan belə, rəqib mental güc tapıb bəxt sayəsində qalib gələ bilər. Mən həmişə qeyd edirəm ki, bizim üçün ən önəmlisi növbəti qarşılaşmadır".

Mütəxəssis heyətdəki rəqabətə və potensial rəqiblərə də toxunub:

"Komandada rəqabətin olması tamamilə normal haldır. Əsas məqsədim və bütün fikrim sabahkı oyuna hazırlaşmaqdır. Potensial rəqibləri yox, yalnız 'KuPS'la oyunu düşünürük".