"Marriott Baku Absheron Hotel"də Bakı Futbol Federasiyasının (BFF) təşkilatçılığı və AFFA-nın dəstəyi ilə "Sabahın ulduzları" layihəsinin təqdimat mərasimi keçirilib.
Offsideplus.az xəbər verir ki, tədbirdə uşaq futbolunun inkişaf strategiyası, yeni layihələr və "Sabahın ulduzları" turnirinin yenidən dirçəldilməsi məsələləri müzakirə olunub. Mərasimdə çıxış edən rəsmi şəxslər və mütəxəssislər uşaq futbolunun mövcud vəziyyəti və gələcək planlar barədə fikirlərini bölüşüblər.
Beynəlxalq dərəcəli keçmiş hakim Tahir Süleymanov uşaq futbolunun təməlinin qoyulmasının vacibliyini diqqətə çatdırıb:
"Uşaq futbolunu inkişaf etdirmək hər birimiz üçün xoşdur. Kiçik kollektivlə böyük işlər görməyə çalışırıq. Çox şadam ki, uşaq futbolunun inkişafının təməlini qoyuruq. Bizim məmnun olacağımız kimi, ümid edirəm media və azarkeşlər də bu işdən razı qalar".

AFFA-nın baş katibi Cahangir Fərəcullayev "Sabahın ulduzları" turnirinin yeni formatda geri qayıtdığını bildirib:
"Bu gün çox vacib gündür. 'Sabahın ulduzları' kimi turnirin yeni formatda dirçəlməsi AFFA-nın inkişaf strategiyasının əsas parçasıdır. Prioritetimiz uşaq futboludur. Turnirdə 12 yaş qrupunda uşaqlar mübarizə aparacaq. Planımız bu yarışı gələcəkdə daha yüksək səviyyəli, güclü komandaların iştirak edəcəyi mundiala çevirməkdir. Biz 'Sabahın ulduzları' dedikdə 4-8 ildən sonra əsas millilərdə forma geyinəcək uşaqları nəzərdə tuturuq".

Azərbaycan yığmasının baş məşqçisini Ayxan Abbasov akademiyalara ayrılan diqqətin və maliyyənin artırılmasının vacibliyini vurğulayıb:
"Uşaq futbolu bizim yaralı yerimizdir. A komandaya ayrılan büdcənin bir hissəsi akademiyalara yönəldilsə, bir neçə ildən sonra bunun bəhrəsini görərik. Mövsüm bitəndən sonra uşaqlar 3 ay futboldan uzaq qalırlar, bu düzgün deyil. İnkişaf üçün yarışların və turnirlərin sayı çox olmalıdır".

AFFA-nın texniki direktoru Edmund Klaus layihəyə öz baxışını təqdim edib:
"Uşaq futbolunun inkişafı uzunmüddətli bir marafondur. Burada məşqçilər, sponsorlar və media əl-ələ verməlidir. Bizim əsas məqsədimiz istedadların vaxtında təyin olunması və rəqabətli turnirlərin təşkilidir. Futbolçuları gənc yaşlarından çətinliklərə və təzyiqə vərdiş etdirməliyik ki, gələcəkdə böyük səhnədə özlərini göstərə bilsinlər".



