Bakıda keçiriləcək güləş üzrə U17 dunya çempionatına 1 həftə qalır. 

Offsideplus.az xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil olunacaq mundialın son günlərində sərbəst güləşçilər mübarizəyə qoşulacaqlar.

Sərbəst güləş üzrə milli komandanın böyük məşqçisi Hacı Əliyev yığmanın məsul yarışa hazırlıq prosesini dəyərləndirib:

"Komandamız indiyədək çoxlu təlim-məşq toplanışı keçib. Bura həm fiziki, həm də taktiki-texniki çalışmalar daxildir. Güləşçilər verilən tapşırıqları layiqincə yerinə yetiriblər. Ümid edirəm ki, bundan sonra da belə davam edəcək. Komandanın ümumi vəziyyəti çox yaxşıdır. Heyətdə Avropa çempionatının qalib və mükafatçıları yer alıb. Yaxşı hazırlıq keçmişik. Dünya çempionatında da uğurlu çıxış edəcəyimizə inanıram. Düzdür, bir neçə güləşçimizdə yüngül zədələr var, lakin bunun onların qarşısını alacağını düşünmürəm. Dünya çempionatında yüksək rəqabət olur, ona görə də dəqiq proqnoz vermək çətindir. Hər bir güləşçimizdən uğurlu nəticə gözləyirəm".