Bu gün “Sabah” “Mançester Yunayted”in qonağı olacaq. Dünyanın hər yerində olduğu kimi Azərbaycanda da bu klubun böyük azarkeşlər kütləsi var.
Offsideplus.az futbolsevərlərin ən bəyəndiyi şərhçilərdən, ötən əsrin sonlarından “qırmızı şeytan” olan şərhçi teleaparıcı Tərlan Şahinoğlu ilə söhbət edib:
– “Mançester Yunayted” azarkeşi olmağınız heç kimə sirr deyil. Azərbaycan təmsilçisinin sizə ən doğma olan komanda ilə qarşılaşacağını biləndə nə hisslər keçirdiz?
– Son Azərbaycan çempionu "Sabah"ın Çempionlar Liqasında debütünü turnirin 3 qat qalibi və dünyanın ən böyük 2 klubundan biri “Mançester Yunayted” ə qarşı etməsi əlamətdar və qürurverici hadisədir. Amma bunu normal qarşıladım. Aşırı həyacan hissi keçirmirəm, açığı. “Sabah”ın futolçusu və ya oyunun şərhçisi olsaydım hə, daxildə nələrsə hiss edərdim.
– Matçın Bakıda olmamasına məyus oldunuz?
– Yox, məyus olmadım. Oyunyn Mançesterdə keçirilməsi düşünürəm ki, hər iki tərəf üçün yaxşı oldu. Çünki “Mançester Yunayted” 3 gün sonra keçiriləcək “Mançester Derbisi” öncəsi Bakıya 6 saat uçub sonra qayıdaraq yorulmayacaq. “Sabah”ın ora getməsi, “Old Trafford”da meydana çıxması isə klub və futbolçular üçün yaddaqalan hadisə və böyük təcrübə olacaq.
– Bəs oyunla bağlı nə düşünürsüz? “Sabah”mövsümə qeyri-sabit başlayan “Yunayted” qarşısında nə isə alındıra bilərmi?
– 1000 gün aradan sonra “Mançester Yunayted” Çempionlar Liqasında oyun keçirəcək. Bu səbəbdən düşünürəm ki, çox qalib gəlmək istəyəcəklər. Rəqib də bunun üçün uyğun sayılır. Amma futboldur, hər şey ola bilər. Valdas Dambrauskasın daha əvvəl İngiltərədə məşqçi kurslarını keçdiyini nəzərə alsaq bu oyuna komandasını yaxşı hazırlaşdıracağını düşünürəm. Amma İngiltərə komandalarına qarşı, xüsusi ilə səfərdə gərək son fitə qədər mübarizə aparasan. Bəli, “MANU” mövsümə qeyri-sabit başlasa da, öz meydanında 1 oyun keçirib və həmin matçda “İpsviç”ə 5:2 hesabı ilə qalib gəlib.
– Hansı komanda qol vuranda daha çox sevinəcəksiniz?
– “Sabah” a bu mötəbər turnirdə uğurlar arzulayıram. Amma mən yeniyetmə yaşlarımdan “Mançester Yunayted” azarkeşiyəm. “Sabah”a Çempionlar Liqasında sabahdan etibarən azarkeşlik edəcəm. Bu axşam yox amma (gülür).


