"Landau Lions" klubunun baş məşqçisi Erhan Toker komandasının FİBA Çempionlar Liqasının təsnifat mərhələsində Latviyanın "VEF Riqa" klubu ilə üz-üzə gələcəyi püşkü dəyərləndirib.
Offsideplus.az xəbər verir ki, mütəxəssis ilk növbədə Azərbaycanın dörd klubunun avrokuboklarda təmsil olunmasından qürur duyduğunu bildirib və turnirlə bağlı hədəflərini açıqlayıb.
Baş məşqçi Çempionlar Liqasında əsas qrup mərhələsinə vəsiqə qazanmağın çətinliyini vurğulayıb:
"Çempionlar Liqasındakı ilk oyunumuz "VEF Riqa"ya qarşı olacaq. Bu turnirdə əsas qrup mərhələsinə vəsiqə qazanmağın çox çətin olduğunu bilirik. Buna baxmayaraq, əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq. Hədəfimiz ardıcıl qələbələr qazanaraq turnirdə Azərbaycanı layiqincə təmsil etməkdir. Əgər bunu bacarmasaq, mübarizəmizi FİBA Avropa Kubokunda davam etdirəcəyik."
Rəqibin oyun üslubuna toxunan Toker onların keçmiş təcrübələrinə diqqət çəkib:
"VEF Riqa" ötən mövsüm qarşılaşdığımız "Trefl Sopot" və "Kalev" kimi Avropa turnirlərinin daimi iştirakçılarındandır. Onlar sərt və fiziki basketbol oynayan komandadır."
Heyətin formalaşma mərhələsində olduğunu bildirən çalıştırıcı hər iki komandanın hələ tam hazır olmadığını qeyd edib:
"Hazırda biz də heyətimizi formalaşdırırıq və transfer işləri hələ yekunlaşmayıb. Böyük ehtimalla, rəqib də eyni prosesdədir.
Onların əvvəlki oyunlarına əsasən müəyyən qiymətləndirmələr aparmaq mümkündür. Ancaq indiki mərhələdə konkret fikir söyləmək asan deyil. Düşünürəm ki, həm bizim, həm də rəqibin yekun heyəti müəyyənləşdikdən sonra daha dolğun dəyərləndirmə aparmaq mümkün olacaq."


