Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunu üzrə keçiriləcək "Qarabağ" - "Dinamo" oyununa 5 AZN-lik biletlər tez bir zamanda tükəndi.
Offsideplus.az xəbər verir ki, bir neçə gündür biletlər klubun və digər səhifələrin şərh bölməsində satışa çıxarılır, azarkeşlər sosial şəbəkələrdə qeyd olunan qiymətə biletlərin bir neçə saat ərzində tükənməsindən şikayətlənir. Oyun günü biletlərin baha qiymətə "qara bazar"da satılması ehtimalı ilə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti ilə əlaqə saxladı. Xidmətin rəis müavini, polis kapitanı Nurlan Əliyev saytımıza açıqlamasında məsələ ilə bağlı tədbirlər görüləcəyini açıqladı:
"Qanunsuz bilet satışı ilə bağlı çevik reaksiya verilməklə hər bir məlumat yoxlanılır və qanunamüvafiq tədbirlərin görülməsi təmin edilir. ÇL-nin pley off mərhələsi çərçivəsində paytaxda keçirilən futbol matçına qanunsuz bilet satışı ilə məşğul olan şəxslər aşkarlanarsa, barələrində tədbir görüləcək".
Qeyd edək ki, "Qarabağ" - "Dinamo" matçı 28 avqust saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.