"UEFA İnkişaf Turniri oyunçular üçün yaxşı şansdır. Burada nəticə o qədər də önəmli sayılmır. Əsas odur ki, bütün futbolçular oynamaq şansı əldə etməlidirlər. Məqsəd onların inkişafına nail olmaqdır".

Offsideplus.az xəbər verir ki, bu sözləri Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət milli komandasının (U-17) baş məşqçisi Aqil Nəbiyev deyib.

AFFA-nın rəsmi saytına açıqlama verən çalışdırıcı UEFA İnkişaf Turnirində Moldova yığmasına 0:1 hesablı məğlubiyyətin səbəblərini izah edib: "Futbolçuların fiziki durumları və texniki bacarıqları ilə bağlı problemlərimiz var. Moldova komandası ilə dünənki matçda rəqibdən geri qaldığımız əsas tərəf son ötürmələr və həlledici zərbələr idi. Bunu yavaş-yavaş aradan qaldıracağımıza ümid edirəm. Burada 6 gün ərzində 3 oyun keçirməli olacağıq. Matçlar arasındakı iki günü futbolçuların bərpasına və növbəti görüşə hazır olmasına həsr edirik. Seçmə mərhələ oyunları oktyabrda olacaq. Ona qədər vaxtımız var. Bu müddətdə komandanı formalaşdırıb, seçmə mərhələdə uğurlu çıxış etməyə çalışacağıq”.

Qeyd edək ki, U-17 yarış çərçivəsində aprelin 16-da Gürcüstan, 19-da isə Estoniya yığması ilə qarşılaşacaq.