"Neftçi" uzun fasilədən sonra yenidən ölkəmizi UEFA Çempionlar Liqasında təmsil etmək hüququna yiyələndi.

"Ağ-qaralar" "siftə"ni dünən, mötəbər turnirin birinci təsnifat mərhələsində Gürcüstanda Tbilisi "Dinamo"su ilə etdi. "Flaqman" bu görüşdən 2:1 hesablı qələbə ilə ayrıldı. Doğrudur, əsas nəticədir, ancaq paytaxt təmsilçisinin göstərdiyi oyun azarkeşlərdə və futbol ictimaiyyətində narazılıq yaratdı.

Bəs bu oyunla "Neftçi"ni qarşıda nə gözləyir? "Flaqman" Bakıdakı matçda da gürcülərə qarşı eyni performansı sərgiləsə nə baş verəcək?

Bu mənada Offsideplus.az olaraq futbol ictimaiyyətimizin tanınmış simalarının fikrini öyrəndik.

Əməkdar məşqçi, "Neftçi"nin sabiq çalışdırıcısı Ağasəlim Mircavadov "bakılılar"ın şansını yüksək qiymətləndirib:

"Mən "Neftçi"nin "Spartak"(Moskva) klubu ilə yoldaşlıq oyununa da baxdım. Həmin matçda bəzi oyunçuları yoxladılar, zədələnən də oldu. Biz ümumilikdə heyəti formalaşdırmağa, oyunçu almağa gec başlayırıq. Vaxtda uduzuruq. "Dinamo" ilə oyunda əsas odur ki, qələbə qazanıblar. Bu, çox sevindirici haldır. Bu üstünlüyü əldən vermək olmaz. Həm komandanın addım-addım maliyyəsi artır, həm də boşluqlar doldurulur. Bakıdakı oyunda da "Neftçi"nin şansları daha çoxdur mərhələni keçmək üçün".

"Ağ-qaralar"ın keçmiş vitse-prezidenti Tahir Süleymanov yeganə obyektiv səbəb kimi Gürcüstan çempionatının hazırda davam etməsini göstərib, Bakıdakı matçdan əvvəl pessimizmə qapılmamağı tövsiyə edib:

"İlk oyundan öncə mətbuata fikirlərimi bildirmişdim. Obyektiv təhlil-tənqidlərə az yer ayırdıq, komandaya təzyiq olmasın deyə dəstək verdik. Baxmayaraq ki, ilk oyundan sonra əyani olaraq üzə çıxan problemlər öncədən də bəlli idi. Bunun da obyektiv, subyektiv səbəbləri var. Başlanğıc hər zaman məsuliyyətli və çətin olur. Əsas qələbə ilə başlamaq idi, o da oldu.

Çempionlar Liqası sıradan bir yarış deyil, Avropanın bir nömrəli klub turniridir. Bu yarışa ancaq "Dinamo" ilə oyunlar kontekstindən baxılmamalıdır. "Neftçi" adına hədəflər var və bu heç vaxt kiçilməməli, dəyişməməlidir. Turnirdə irəliləmək və minimum nəticə, turnirlərdən birinin qrupuna düşməkdir. Hər kəs bilir, çempion komandaların imtiyazları var, irəlilədikcə digər avrokubok yarışlarında şansları da çoxalır. Eynilə hər keçid mərhələsi, p-off, qruplar əlavə və Azərbaycan futbolu şərtlərinə uyğun böyük maliyyə imkanları qazandırır. Klub buna uyğun strategiyasını, heyətini qurmalıdır, daha doğrusu, qurmalı idi.

Yeganə obyektiv səbəb Gürcüstanda çempionatın davam etməsidir və təbii, "Dinamo"un daha optimal formada olması sürpriz deyildi. Digər komponentlərdə "Neftçi" vaxtilə əzəmətli olmuş rəqibindən daha üstündür. Ən böyük problem komandanın tam olaraq kompletləşməməsidir. Çempionatın gedişində və sonra kifayət qədər zaman var idi. Ehtiyac duyulan mövqelərə usta futbolçuların transferləri yekunlaşmalı idi. Heyətdə böyük boşluqlar var. Müdafiədə keyfiyyət bir yana, futbolçu çatışmır. Komandanı ödənişli futbolçular tərk edib, uzun illərdən sonra arzulanan çempionluq da qazanılıb, maliyyə problemi də yoxdur. Kənardan elə təəssürat yaranır ki, kluba cavabdeh şəxslər məsuliyyətdən qaçırlar, özlərini sığortalayırlar. Birdən mərhələ(lər) keçilməz, yük altında qalınar. Görünən və faktiki durum budur. Sosial mediada, şəbəkələrdə azarkeşlər arasında aparılan yönəldilmələr, müzakirələr də bunu təsdiq edir. Təəssüf ki, yenə də aldatmağa meylli addımlar atılır.

Dünya çapında, istənilən klubda seleksiya fəaliyyəti, komanda quruluculuğu çox ağır sahədir, kənardan göründüyü qədər asan iş deyil. "Barselona" kimi klub 7-8 milyona futbolçu transfer edib mövsümdə cəmi 17(!) dəqiqə oynadıb azad statusla yola salır. Seleksiya, transfer çalışmaları il boyu davam etməli, hazırlıq dönəmində tam olaraq bitməlidir. Bu, aksiomadır. Əks halda məşqçilər korpusundan istənilən nəticənin tələb edilməsi mümkünsüzdür. Uzun illər klubda digər sahələrlə yanaşı klub rəhbəri, sponsorlar qarşısında seleksiyaçı məşqçilərimizlə bu işlərin məsuliyyətini daşıyan şəxs kimi qəti bildirim, "Neftçi"də çalışdığımız 5 mövsüm ərzində təlim-məşq toplanışları bitəndən sonra bir legioner belə komandaya transfer edilməyib. Bəxtiyar Musayev, tərcüməçi-rəsmilər tək qalmırdı, birgə həftələrlə, gecə-gündüz çalışmalar aparılırdı. Seleksiya işi sıradan bir sahə deyil, komandanın uğurunun 70-75% düzgün, balanslaşdırılmış komplektəşmədən, futbolçu seçiminlərindən asılıdır. Bir mövqe axsayanda problemlər yaranır, o ki qala, 2-3, daha çox mövqelər ola... Məşqçilər korpusunun tam gücü ilə çalışması üçün əlinin altında istədiyi, keyfiyyətli futbolçuların olması şərtdir və hədəflərə uyğun klub tərəfindən təmin olunmalıdır. Fanat-azarkeşləri, futbol ictimaiyyətini "niyə futbolçu yoxdur, gəlmir, transferlər gecikir" məsələləri maraqlandırmır. Onlar meydanda hazır komanda görmək istəyirlər. Buna məsul klubun mütəxəssisləri, məşqçilər korpusu, rəhbərliyidir. Klub imkanları nə qədər önəm daşısa da, burada maliyyə son dərəcə əsas rol oynamır. Əsas olan seleksiya bacarığı, operativlik, məsuliyyət, qətiyyət, düzgün seçimlər və məşqçilərin ixtiyarına veriləcək futbolçuların keyfiyyətidir. Azərbaycanda, "Neftçi"də çıxış edə biləcək minlərlə səviyyəli və qiyməti münasib olan legionerlər var. Bəli, bir çox futbolçular müxtəlif səbəblərdən ölkəmizə gəlmək istəmir. Klub fəaliyyəti elə ondan ibarətdir ki, lazım olan futbolçular vaxtında axtarılıb tapılsın və komandaya gətirilsin. Baş məşqçi Samir Abasovun oyundan sonra "Stankoviç ayağını tutanda biz başımızı tutduq" ifadəsi yuxarıda qeyd olunanların tam olaraq təsdiqidir.

Bunlar komandanın komplektləşməsi ilə bağlı obyektiv yanaşmadır. Cavab görüşü öncəsi pessimizmə köklənməyək, komandaya yenə dəstək verməyə davam edək. Çünki cavab qarşılaşması qol(lar) tez gəlməsə çox gərgin alına bilər. Azarkeşsiz oyun, səfər qollarının gücdən düşməsi məsuliyyəti daha da artırır. Rəqib bir top vurmaqla da matçı minimum əlavə vaxta daşıya bilər. İlk oyunda futbolçularda aşırı həyəcan hiss olunurdu, nə yaxşı ki, qələbə qazanıldı. Bakıda inanıram ki, "Neftçi" daha keyfiyyətli futbol sərgiləyəcək. Ehtiyatı əldən verməmək şərtilə komanda aqressiv, əzmkar, mübariz oyun göstərərsə, böyükhesablı qələbəyə də şahidlik edə bilərik.

Klub isə ən azı müdafiə və hücuma gec də olsa transferləri yekunlaşdırmalıdır. Komandaya uyğunlaşma bir tərəfə, gələcək futbolçuların fiziki durumları, hazırlıqları hansı səviyyədə olacaq, indiki vəziyyətdə ən düşündürücü məqamdır. Qələbələrin davamı gəlsin... Uğurlar, "Neftçi"!

Təcrübəli mütəxəssis Yunis Hüseynov da "Neftçi"nin oyunundakı boşluqların Premyer Liqamızın hələ başlamamasından və oyun praktikasının azlığından qaynaqlandığını bildirib:

"Neftçi" birinci hissənin əvvəlində yaxşı oynadı, ancaq ümumilikdə çox güclü çıxış etdiyini demək olmaz. Bunu əsas səbəbi kimi Premyer Liqamızın hələ başlamamasını və oyun praktikasının azlığını göstərərdim. Gürcüstanda milli çempionat gedir və bunun da komandanın oyununa birbaşa təsiri var. Əsas olan isə qələbədir, təbrik edirəm. İnşallah Bakıdakı oyunda da qalib gələrək azarkeşlərini sevindirlərlər".

Millimizin sabiq hücumçusu Vaqif Cavadov isə "Flaqman"ın ilk 25 dəqiqədə əla mübarizə apardığını və sonrakı epizodlara görə, qapıçı Aqil Məmmədova böyük təşəkkürün düşdüyünü deyib:

"Məncə narazılıq olmamalıdır. "Neftçi" oyuna əla başladı. İlk 25 dəqiqəni izləyərkən mən deməzdim ki, pis oynadılar. Ancaq qeyd etdiyim vaxtdan sonra "Neftçi" sanki "sındı". Qalan periodda isə əsas yük qapıçı Aqil Məmmədovun üzərinə düşdü. Matçı izləyənlər gördü ki, artıq rəqibin qolu yetişib. Nə qədər olar, Aqil "seyv" etsin? Hesab bəlkə də 3:1, 4:1 ola bilərdi. Gürcülərin xeyli qol imkanları oldu. Ancaq əsas olan nəticədir, qələbə qazanan tərəf "Neftçi" oldu. Ümumilikdə götürəndə, "flaqman"ın heyətindəki futbolçular "Dinamo"nun oyunçularından üstündür. Gürcülər gördü ki, "Neftçi" ilə belə oynamaq olmaz".