Türkiyə Kubokunun 1/4 final mərhələsində "Fənərbağça" və "Qalatasaray"ın baş məşqçiləri arasında baş verən hadisənin əsl səbəbi üzə çıxıb.
Offsideplus.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Joze Mourinyo - Okan Buruk qalmaqalı ikincinin sözlərinə görə baş verib.
Belə ki, matçın final fitindən sonra "Fənərbağça"nın çalışdırıcısı hakimlərə yaxınlaşaraq, "Oyunu pis idarə etdiniz. Qərarlarınız nəticəyə təsirini göstərdi" sözlərini deyib.
Bu zaman Mourinyo və hakimlərin yanına gələn Okan Buruk əks fikir söyləyib: "Siz ona inanmayın. Oyunu yaxşı idarə etdiniz. Düzgün qərarlar verdiniz".
Bundan sonra üzünü portuqaliyalı məşqçiyə çevirən "Cim Bom"un çalışdırıcısı "Good game" (yaxşı oyun - red.) ifadəsini işlədib. İddiaya görə, Okan Buruk həmkarına ingiliscə bir neçə xoşagəlməz söz də deyib.
Məhz bu dialoq Mourinyonu rəqib komandanın baş məşqçisinə fiziki müdaxilə etməyə, daha doğrusu burnunu sıxmağa sövq edib.
Xatırladaq ki, "Qalatasaray" Kadıköydə 2:1 hesablı qələbə qazanaraq, kubokun yarımfinalına yüksəlib.