AFFA-nın Apellyasiya Arbitraj Məhkəməsi "Neftçi" və “Səbail” klublarının şikayətini təmin etməyib.
Offsideplus.az xəbər verir ki, “Neftçi” rəhbərliyinin xahişi əvəzedici komandanın üzvü Həbib İsmayılovla bağlı olub.
Belə ki, "ağ-qaralar"ın oyunçusu Həbib İsmayılov martın 11-də Əvəzedicilər Liqasında XXVI tur çərçivəsində "Turan Tovuz-2"yə qarşı görüşün 90+5-ci dəqiqəsində təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə alıb. AFFA İntizam Komitəsi bu hərəkətinə görə futbolçunu 4 oyun cəzalandırıb, onun klubunu isə 300 manat cərimələyib. Apellyasiya Arbitraj Məhkəməsi İntizam Komitəsinin qərarını qüvvədə saxlayıb.
Eyni zamanda, "Səbail" rəhbərliyi də istəyinə çatmayıb. Bu klubun futbolçusu Süleyman Alluş martın 9-da Misli Premyer Liqasının XXVI turu çərçivəsində "Zirə" ilə matçın 74-cü dəqiqəsində təcavüzkar davranışa görə meydançadan qovulub. S.Allaş 4 oyunluq diskvalifikasiya edilməklə yanaşı, "Səbail"ə 3000 manat cərimə kəsilib. İntizam Komitəsinin bu qərarı da qüvvədə qalıb.
Həm "Neftçi", həm də "Səbail"in Apellyasiya Arbitraj Tribunalının qərarından İsveçrənin Lozanna şəhərində yerləşən İdman üzrə Arbitraj Məhkəməsinə (CAS) şikayət vermək hüququ var.