"Real Madrid" və "Barselona" "Mançester Siti"nin hücumçusu Erlinq Holandın 2027-ci ildə transfer olunması imkanlarını nəzərdən keçirir.

Offsideplus.az "TEAMtalk" portalına istinadən xəbər verir ki, İspaniya nəhəngləri norveçli forvardın 2027-ci ilin yayında klubunu dəyişə biləcəyini ehtimal edirlər.

Ötən ilin əvvəlində Holand "Mançester Siti" ilə 9 illik yeni müqavilə imzalayıb və klub bütün xitam məbləği (sərbəstqalma) bəndlərinin ləğv olunduğunu bildirmişdi.

Lakin İspaniya klublarına yaxın mənbələr müqavilədə oyunçunun ayrılmasına imkan verən xüsusi bəndlərin qaldığını iddia edirlər.

Həmçinin futbolçu ilə rəhbərlik arasında şifahi razılaşma var: Holand yeni çağırış istəyəcəyi təqdirdə, klub onun gediş variantını dəyərləndirməyə hazırdır. Hələlik norveçli hücumçu Mançester təmsilçisindən ayrılmaq niyyətində deyil və komandasına tam sadiqdir.