"Məni narahat edən UEFA-nın qərarı gec bildirməsidir. Püşkdən sonra desəydilər ki, görüş neytral meydanda olacaq, bizə daha rahat olardı.

Offsideplus.az xəbər verir ki, bu fikirləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində "Molde"yə qarşı keçirəcəkləri matçdan əvvəl jurnalistlərə açıqlamasında deyib.

48 yaşlı mütəxəssis bildirib ki, matça bir həftə qalmış oyunun yerinin dəyişdirilməsi narahatçılıq yaradıb: "Hər bir halda bütün qaydaları tətbiq edən UEFA-dır. Biz də bu qərara hörmət etməliyik".

Təcrübəli baş məşqçi zədəli Mahir Emrelinin görüşdə iştirakının sual altında olduğunu sözlərinə əlavə edib. O, bəzi oyunçuların da yüngül zədələrinin olduğunu vurğulayıb: "Çətinliklərə baxmayaraq rəqibi yetəri qədər analiz etmişik və matça ümidlə yollanırıq. Rəqib nizam-intizamlı komandadır və fərqli sistemdə oynayırlar. Bu turnirə çox ciddi hazırlaşdıqları görünür. Belə komandalara qarşı oynamışıq. İnanıram ki, rəqibi düzgün analiz edib, düzgün oyun qura biləcəyik".

Xatırladaq ki, sentyabrın 16-da "AEK Arena"da keçiriləcək "Qarabağ" - "Molde" oyunu Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. (report.az)