Misli Premyer Liqasının XXIX turunda "Səbail" "Turan Tovuz"a qarşı oyundan 0:0 hesablı heç-heçə ilə ayrılıb. 

Offsideplus.az xəbər verir ki, "dənizçilər"in baş məşqçisi Elvin Məmmədov oyundan sonra keçirilən mətbuat konfransında fikirlərini bölüşüb. 

"Çempionatın ən çətin komandalarından birinə qarşı oynadıq. Rəqib komandanın baş məşqçisi təcrübəlidir. Uşaqlar əlindən gələni etdi. Bu oyun və mübarizə üçün komandamı təbrik edirəm. Liqada qalmaq istəyiriksə, bizim üçün hər bir xal vacibdir. Əlbəttə, "Turan Tovuz"u məğlubiyyətə uğratmaq istədik, lakin onlara qarşı oynamaq çox çətindir. Bəzi epizodları daha yaxşı dəyərləndirə bilərdik. Buna baxmayaraq bu nəticə bizə sərf edir".