2025/26 mövsümündə gözləntiləri qarşılaya bilməyən "Beşiktaş"da ardıcıl uğursuz nəticələr gərginliyi artırıb.

Offsideplus.az "Milliyet" nəşrinə istiandən xəbər verir ki, bir tərəfdən baş məşqçi Sergen Yalçının taleyi maraq doğurarkən, digər tərəfdən Vatslav Çerni böhranı dərinləşir.

Son vaxtlar start heyətinə düşməkdə çətinlik çəkən çexiyalı futbolçunun gələcəyi qeyri-müəyyən olaraq qalır.

Çerni rəhbərliyin Sergen Yalçınla yola davam edəcəyi təqdirdə komandadan ayrılmağı planlaşdırır.

Çexiyalı vingerin daha çox oyun praktikası qazanacağı bir kluba getmək istədiyi vurğulanır. "Beşiktaş" rəhbərliyi isə Sergen Yalçın postunda qalacağı təqdirdə, futbolçu üçün gələcək transfer təkliflərini dəyərləndirməyə hazırdır.

Qeyd edək ki, "qara qartallar" mövsümün əvvəlində onu "Volfsburq"dan 6 milyon avro qarşılığında transfer edib.

Bu mövsüm Super Liqa və Türkiyə Kubokunda ümumilikdə 33 matça çıxan Çerni, meydanda olduğu 2203 dəqiqə ərzində 6 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.