Türkiyənin "Beşiktaş" klubu transfer bazarında böyük səs küyə səbəb olacaq addım atmağa hazırlaşır.
Offsideplus.az xəbər verir ki, "Qara qartallar" İspaniya nəhəngi "Real Madrid"in gənc mərkəz müdafiəçisi Raul Asensio üçün rəsmi təklif göndərəcəyini bəyan edib.
İstanbul təmsilçisi müdafiə xəttini gücləndirmək məqsədilə ispaniyalı futbolçu üçün 20 milyon avro ödəməyə hazır olduğunu bildirib. Əgər bu transfer reallaşarsa, bu rəqəm "Beşiktaş" klubunun tarixinin ən bahalı transferlərindən biri kimi qeydə alınacaq.
"Real Madrid"in akademiyasının yetirməsi olan Asensio son vaxtlar göstərdiyi performansla diqqətləri üzərinə çəkməyi bacarıb. Xüsusilə madridlilərin müdafiə xəttindəki zədə problemləri fonunda əsas heyətə cəlb olunan 21 yaşlı müdafiəçi etibarlı oyunu ilə Avropa klublarının radarına düşüb.
"Real Madrid" rəhbərliyinin gənc istedadın gələcəyi ilə bağlı hələ yekun qərar vermədiyi bildirilir. Lakin "Beşiktaş"ın təklif etdiyi yüksək məbləğin danışıqların gedişatına ciddi təsir edəcəyi gözlənilir.



