Türkiyə Superliqasının 29-cu turunda çempionluq yarışına birbaşa təsir edən sensasiyalı nəticə qeydə alınıb.

Offsideplus.az xəbər verir ki, lider "Qalatasaray" öz meydanında "Kocaelispor" ilə heç-heçə edərək titul yolunda ağır zərbə alıb.

Matça sürətli başlayan "sarı-qırmızılılar" azarkeşlərinin dəstəyi ilə rəqib qapısında ardıcıl təhlükələr yaradıb. Qarşılaşmanın 30-cu dəqiqəsində alman ulduz Leroy Sane səhnəyə çıxaraq "Qalatasaray"ı 1-0 önə keçirib. İlk hissəni üstün tamamlayan lider, ikinci hissədə gözlənilməz müqavimətlə qarşılaşıb.

Oyunun 72-ci dəqiqəsində "Kocaelispor"un təhlükəli hücumu qolla nəticələnib. Bruno Petkoviç liderin qapısına yol taparaq hesabı bərabərləşdirib: 1-1. Qalan dəqiqələrdə "Qalatasaray"ın qələbə cəhdləri nəticə verməyib.

Bu heç-heçə ilə xalını 68-ə çatdıran "Qalatasaray" liderliyini davam etdirsə də, ən yaxın izləyicisi "Fənərbağça"nın bu həftə qazanması ilə aradakı fərq 2 xala düşüb. Artıq çempionluq yarışı hər bir xalın taleyüklü olduğu kritik mərhələyə qədəm qoyub.

"Kocaelispor" isə bu çətin səfərdən qazanılan 1 xalla xallarının sayını 35-ə çatdıraraq turnir cədvəlinin 8-ci pilləsində möhkəmlənib.


Süperliqanın 30-cu həftəsində komandaları gərgin matçlar gözləyir:

  • "Qalatasaray" səfərdə "Gənclərbirliyi" ilə qarşılaşacaq.

  • "Kocaelispor" öz meydanında "Göztəpə"ni qəbul edəcək.


"Sarı-qırmızılılar" üçün paytaxt səfəri artıq səhv etməyə yer olmayan bir final xarakteri daşıyır.