Qadınlar üzrə Avropa çempionatının pley-off mərhələsində Azərbaycan millisi Portuqaliyaya 1:4 hesabla məğlub olub.
Offsideplus.az xəbər verir ki, oyundan sonra millimizin baş məşqçisi Siyasət Əsgərov fikirlərini bölüşüb:
"Rəqibin gücü bəlli idi. İstəyirdik ki, evdə sərfəli nəticə alaq. Amma rəqib doğurdan da bizi səhvə məcbur edirdi. Buraxdığımız qollarda səhvlərimiz görsənirdi. Düşünürəm ki, ikinci hissə birinciyə nisbətən daha yaxşı başladı. Qol da vura bildik. Sonra isə istər-istəməz oyun gedişatında qızlarda tələskənlik vardı, can atırdılar ki, hesab arasında fərqi azaldaq. Amma edə bilmədik, nəticədə səhvlərə yol verdik və sonda 1:4 hesabla məğlub olduq. Bu oyundan nəticə, komanda olaraq düzgün idik. Qızlar belə rəqibə qarşı qorxmadılar, çəkinmədilər. Sona qədər mübarizə apardılar və qol da vurdular. Epizodla daha yaxşı edə bilərdik, rəqibin keyfiyyətli olması buna imkan vermədi. Önümüzə baxacağıq, rəqiblə cavab oyunu var. Oyundan sonra səhvlərimizi analiz edəcəyik. Bu oyunu tez bir zamanda unudub, cavab qarşılaşmasına köklənəcəyik. Burda nəticə ürəkaçan olmadı, cavab oyununda indi etdiyimiz səhvləri aradan qaldırıb, minimum heç-heçə ilə qayıtmağa çalışacağıq".
S.Əsgərov gələcək planlar barədə açıqlama verib:
"Bu mərhələni keçsək də, yenə C Liqasında oynayacağıq. Noyabrda püşkatma olacaq, fevralda C səbətindən mübarizəyə başlayacağıq. B səbəti qızlar üçün böyük təcrübə oldu. Bundan sonra əsas Portuqaliya ilə cavab oyununa köklənəcəyik, daha sonra isə planlar C Liqasında yaxşı nəticələr qazanmaq və yuxarı liqaya yüksəlməkdir. C və B səbətində fərq böyükdür. Burdakı səhvlərimizi etməməliyik. Komandanı yenə pley-offa gətirə bilsək, bu oyunlardan təcrübə bizə gələcəkdə kömək edəcək".