Azərbaycanın FIFA referisi Fəridə Lütfəliyevaya və onun köməkçisi Gülnurə Əkbərzadə tarixi oyunun iştirakçısına çevriliblər.
Offsideplus.az xəbər verir ki, xanım hakimlərimiz 19 yaşadək qadın futbolçulardan ibarət milli komandalar arasında Avropa çempionatının II seçmə mərhələsinin B Liqasının II qrupunda Farer adaları - Moldova görüşündə görünməmiş hesab qeydə alıblar. 
Belə ki, Moldovanın Nisperoni şəhərində keçirilən qarşılaşma Farer adaları yığmasının 7:0 hesablı qələbəsi ilə nəticələnib. Bu, ada təmsilçilərinin U-19 komandası üçün tarixdə ən böyük hesablı qələbə olub. Maraqlıdır ki, 2007-ci ildən beynəlxalq yarışlara qatılan Farer adaları komandasının indiyə qədərki ən böyükhesablı qalibiyyəti elə Moldova üzərində olmuşdu (4:0).
 
Həmyerlilərimiz aprelin 7-dək Moldovada qalacaqlar. F.Lütfəliyeva aprelin 4-də Estoniya - Moldova qarşılaşmasında dördüncü hakim, aprelin 7-də isə Moldova - Kipr matçında baş hakim funksiyasını yerinə yetirəcək. G.Əkbərzadə isə bu görüşlərdə köməkçi hakimi olacaq.