Qadınlardan ibarət Azərbaycan milli komandasının kapitanı Sevinc Cəfərzadənin Litvadakı qələbədən sonra (0:2) Offsideplus.az saytına müsahibəsi.
- Sevinc, qələbə münasibətilə təbrik edirəm. Bu qalibiyyət sizin üçün nə dərəcədə vacib idi?
- Bu qələbə bizim üçün çox vacib idi, çünki turnir cədvəlində yerimizi yaxşılaşdırdıq və xallarımızı Monteneqro ilə eyniləşdirdik (red. - 4 xal). Bizə ancaq qələbə sərf edirdi. Şükürlər olsun ki, qalib gəldik. Əzmkar oyun sayəsində buna nail olduq. Lakin iş bitməyib, 3 gün sonra Monteneqro yığmasına qarşı ağır səfər oyunumuz var. Ordan əldə edəcəyimiz sərfəli nəticə bizə qrupda yerimizi möhkəmləndirməyə kömək ola bilər. Yaxşı nəticə üçün əlimizdən gələn hər şeyi edəcəyik. Hər iki oyun səfərdir, düzdür müəyyən çətinlikləri var, lakin öhdəsindən gəlməyə çalışırıq.
- Monteneqro ilə oyunöncəsi komandada vəziyyət necədir?
- Monteneqro ilə oyuna çox ciddi hazırlaşacağıq. Baxmayaraq ki, komandamızda müəyyən itkilərimiz var. Əsas heyətdən Kristina Bakaradze, Pelitan Bozdağ müəyyən səbəblərdən oyunları buraxır. Pelitan bu oyunu, Kristina isə ümumiyyətlə oyunlarda iştirak edə bilmir, dizindən çox ciddi zədəsi var. Bu, bizi üzsə də, həm də Kristina üçün vuruşurduq ki, onun üzünü güldürək. Bu, onun üçün məncə, ən gözəl motivasiyadan biri idi. Digər baxımdan çox sevinirik ki, xalqımızı, futbol camiəsini sevindirə bildik. Bizim uğurlara sevinən insanları sevindirə bildiyimiz üçün çox xoşbəxtik.
- İlk dəfə Azərbaycan milli komandasının 12-ci oyunçusu "Milli Dəstə" qadın yığmamızın oyununa gəlmişdi. Azarkeşlərin dəstəyi necə idi?
- Burda olan azarkeşlərə sizin vasitənizlə çox böyük təşəkkür edirəm. Bizi sona qədər dəstəklədilər, güvəndilər. Onların dəstəyi, özü də qərib ölkədə inanılmaz idi. Öz vətəndaşlarımızın xaricdə bizə dəstək olmasını görmək fəxr hissi yaşatdı. Onlar digər Avropa ölkələrindən gəlmişdilər, sağ olsunlar. Bu qələbədə onların da əməyi, payı var.
- Oyundan sonra qələbəni azarkeşlərlə birgə bayram etdiniz...
- Burda yaşananlar möhtəşəm idi. Qərib diyarda öz ölkənin vətəndaşlarını görmək, onların üzünü güldürmək, qələbənlə sevindirmək və bu qalibiyyəti onlarla bölüşməyin dadı-ləzzəti tam başqa idi. Yekunda xalqımızı sevindirə bildik. Bizim adımıza sevinən doğmalarımızı, ailəmizi xoşbəxt etdik. Dediyim kimi bununla iş bitmir. Monteneqro ilə ağır səfər oyununda sərfəli nəticə qazana bilsək, qrup lideri olmağımız baxımından Monteneqroda çox şey həll oluna bilər. Bu oyunda da sarı vərəqə limitinə düşən və ya zədəli oyunçularımız olsa da, itkilərə baxmayaraq bu çətinliyin öhdəsindən gəlməyə çalışacağıq. Düşünürəm ki, bunu bacaracağıq.
View this post on Instagram