“Litvaya qarşı çox önəmli oyuna çıxacağıq. Rəqibimiz ilk matçda Monteneqroya məğlub olub. Üç komandalı qrupda yer aldığımızdan, bugünkü görüşün əhəmiyyəti çox böyükdür".
Offsideplus.az xəbər verir ki, bu sözləri Azərbaycanın qadın futbolçulardan ibarət milli komandasının baş məşqçisi Siyasət Əsgərov deyib.
AFFA-nın rəsmi saytına danışan çalışdırıcı UEFA Millətlər Liqası çərçivəsində Litva yığmasına qalib gəlmək istədiklərini bildirib: "Ardıcıl iki səfər matçı keçirəcəyik. Dörd gün sonra Monteneqro kollektivinin qonağı olacaq. Ancaq indi bütün diqqətimizi Litva ilə qarşılaşmaya yönəltmişik. Bəzi itkilərimiz olsa da, komandaya cəlb edilən futbolçuların boşluğu dolduracaqlarına inanıram. Düşərgədə ab-hava yüksəkdir, heyətdə yer alan oyunçuların heç birinin zədəsi yoxdur. Rəqibi təhlil etmişik, zəif və üstün cəhətlərini bilirik. Məşq proseslərini də buna uyğun qurmuşduq. Rəqibi səhv buraxmağa məcbur edə bilsək, istədiyimiz nəticəni qazanacağıq”.
Qeyd edək ki, C Liqasının 4-cü qrupunda mübarizə aparan milli komandamız Litva ilə oyuna bu gün saat 19:30-da Vilnüsdəki “Jalgiris” stadionunda çıxacaq.