AFFA Misli Premyer Liqasında XXIX turun təyinatlarını açıqlayıb. 

Offsideplus.az xəbər verir ki, təyinatlarda əsas diqqətçəkən məqam FIFA referisi Əliyar Ağayev və Rauf Allahverdiyevin təyinat almaması olub.

Adıçəkilən şəxslər Azərbaycan Kubokunun yarımfinalında "Neftçi" - "Sabah" matçında (1:2) mübahisəli epizodun episentrində olublar. Belə ki, 90+1-ci dəqiqədə "ağ-qaralar"ın qapısına penalti təyin olunmayıb. Ə.Ağayev həmin qarşılaşmanın baş hakimi, R.Allahverdiyev isə VAR hakimi idi. 

AFFA Hakimlər Komitəsinin sədri Frank De Bleker oyunun ertəsi günü qurumun mətbuat xidmətinə açıqlamasında Yuri Matiasın Coy Lens Mikelsin ayağına təmas etdiyinə görə penalti verilməli olduğunu və VAR-dan müdaxilə gözlədiklərini bildirmişdi.

Kubok həftəsindən sonra Əliyar Ağayev və Rauf Allahverdiyevin MPL qarşılaşmalarına təyinat almaması onların AFFA tərəfindən cəzalandırılması anlamına gəlir. Adətən hakimlərə verilən cəza mətbuata rəsmi açıqlanmır. Lakin məhz bu 2 hakimə, xüsusilə FIFA referisi Ə.Ağayevə qarşıdakı turda etibar göstərilməməsi Hakimlər Komitəsinin onları diskvalifikasiya etməsi fikrini formalaşdırır. Rəsmi qərar olmadığına görə, bu ədalət təmsilçilərinin nə zaman iş başına qayıdacaqlarını söyləmək çətindir.