"Real Madri" klubunun türkiyəli yarımmüdafiəçisi Arda Güler karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Offsideplus.az xəbər verir ki, 20 yaşlı futbolçu ilə "Liverpul" yaxından maraqlanır. Mersisayd təmsilçisi türk ulduzu yayda transfer etməyi düşünür. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.
Transfer baş tutarsa, Arda və macar yarımmüdafiəçi Dominik Şobozlai komanda yoldaşı ola bilər. İkili arasında münasibət UEFA Millətlər Liqasının pley-offu üzrə Macarıstan - Türkiyə (0:3, 1:3) oyunu zamanı pisləşib. Sözügedən matçda Arda Şobozlaiyə "sus" işarəsi göstərmiş, oyundan sonra sosial şəbəkədə tərəflər bir-birinə atmacalar etmişdi.
Arda Gülerin Şobozlai ilə davalı olması bu keçidin gerçəkləşməsində əsas maneələrdən biridir.
Qeyd edək ki, Arda Güler peşəkar karyerası ərzində 92 oyuna çıxıb, 18 qol və 17 assistə imza atıb.