"Mançester Yunayted"in əfsanələrindən sayılan Hari Nevill Avropa Super Liqasının yaradılmasına sərt şəkildə etirazını bildirib.

Offsideplus.az xəbər verir ki, 46 yaşlı sabiq futbolçu yeni liqa barədə bu sözləri deyib:

"Lənət olsun! Mən bir "Mançester Yunayted" azarkeşiyəm və 40 ildir özümü belə tanıdıram. Ancaq iyrənirəm. Ən çox da "Liverpul" və "Mançester Yunayted"dən iyrənirəm. "Liverpul" azarkeşləri "Heç vaxt tək getməyəcəksən" mahnısını səsləndirir. Xalqın klubu, azarkeşlərin klubu belə olar? "Mançester Yunayted" 100 ildən çox olar ki, işçilərin qurduğu komandadır. Biabırçılıqdır! Bu ölkədə gücü tez bir zamanda bu klublardan geri almalıyıq. Üstəlik bu klublardan biri də mənim klubumdur. Bu acgözlülükdür. Bunların hamısı saxtakardır. "Siti", "Liverpul", "Çelsi", "Mançester Yunayted"in sahiblərinin bu ölkədə futbolla bir əlaqəsi yoxdur".