İngiltərə Premyer Liqasının növbəti turunda bu gün “Haddersfild”lə qarşılaşacaq “Mançester Yunayted”in baş məşqçisi Ole-Qunnar Sulşer matçdan əvvəl açıqlama verib.
45 yaşlı çalışdırıcı, vaxtı ilə “qırmızı şeytanlar”da komanda yoldaşı olmuş, indi isə kanallarda şərhçilik edən mütəxəssislərdən tənqid gözlədiyini deyib:
“Qari Nevillin məni sərt tənqid etdiyindən əminəm. 11 il ərzində paltardəyişmə otağında onunla yanaşı oturmuşam. Hər zaman fikirlərini mənimlə bölüşərdi. İndi də məni digərlərindən ayırmamalarını istəyirəm. Məni istədikləri kimi tənqid edə bilərlər. Mənim digər mütəxəssislərdən bu baxımdan heç bir fərqim yoxdur. Onlarla heç vaxt bunlara görə mübahisə etmərəm, çünki mənim işim futbolçuları oyuna hazırlamaqdır”.
“Kardiff Siti”yə 5:1 hesabıyla qalib gəldikləri oyundan sonra futbolçularla danışdığını bildirən mütəxəssis, komandasının yaxşı vəziyyətdə olduğunu deyib:
“Futbolçular bu templə davam etməyimizin lazım olduğunu düşünürlər, çünki komandanın təbiəti budur. Təbii ki, hər matçda “Kardiff Siti”ylə oyunda olduğu qədər şansımız olmaya bilər, amma biz hər zaman bunun üçün çalışacağıq. Məncə, komanda yaxşı vəziyyətdədir. Pol Poqba, Reşford, Marsial kimi futbolçularımız var və hamısı çox özəldir. “Mançester Yunayted”in öz xüsusiyyətləri var. Hücum futbolu bizim tariximiz və gələcəyimizdir. Biz də bundan sonra belə oynamağa davam edəcəyik”.
“Mançester Yunayted” - “Haddersfild” görüşü bu gün, saat 19.00-da start götürəcək. (komanda.az)