"Mançester Yunayted"in sloveniyalı hücumçusu Benjamin Şeşko ciddi zədə səbəbindən uzun müddət komandasına kömək edə bilməyəcək.
Offsideplus.az xəbər verir ki, Britaniya mətbuatının verdiyi son məlumatlara görə, 23 yaşlı hücumçu baldır nahiyəsindən aldığı zədənin yenidən kəskinləşməsi səbəbindən ən azı 2027-ci ilin yanvar ayına qədər meydanlardan kənar qalacaq.
Şeşko keçən mövsümün sonunda əziyyət çəkdiyi baldır zədəsi ilə yenidən üzləşib. Sentyabr ayının ortalarından bəri tam formada olmayan futbolçunun müalicə müddəti gözləniləndən daha uzun çəkəcək.
Mançester təmsilçisinin tibbi heyəti hazırda futbolçunu konservativ müalicə üsulları ilə bərpa etməyə çalışır. Lakin bu proses istənilən nəticəni verməzsə, sloveniyalı hücumçunun cərrahi əməliyyat olunması da istisna edilmir.
Bərpa prosesi uğurla yekunlaşsa belə, Şeşko 2026-cı ilin sonuna qədər keçiriləcək bütün qarşılaşmaları buraxacaq. Onun yanvar ayında sıraya dönməsi və formasını bərpa etməsi planlaşdırılır.
Bu itki "qırmızı şeytanlar"ın hücum xəttində ciddi problemlər yaradıb və klubun yanvar transfer pəncərəsində yeni hücumçu axtarışına çıxacağı gözlənilir.


