"Olimpiakos" səfərdə "Beşiktaş"ı 81:73 hesabı ilə məğlub edərək EuroLeague-in səkkizinci turunda vacib qələbə əldə edib. Qarşılaşmanın son hissəsində geridə olan yunanıstanlılar ardıcıl 11 xallıq seriya ilə üstünlüyü ələ alıb və fərqi iki rəqəmədək artıraraq oyunun taleyini həll ediblər.
Offsideplus.az xəbər verir ki, qalib komandanın ən məhsuldar oyunçusu Saşa Vezenkov olub – onun aktivində 16 xal var. Tairik Cons 15, Donta Hall 14, Tayson Uord isə 13 xalla yadda qalıb. "Olimpiakos" bu oyunda da Nikola Milutinov, Evan Furnye, Jan Montero və Tayler Dorsi kimi əsas oyunçularından məhrum olub.
"Beşiktaş"da isə Ceylen Nouell 15, Devid DeCulius 12, Konor Morqan isə 11 xal toplayıb. Komandanın digər aparıcı üzvü Lonni Uoker Türkiyə çempionatında aldığı zədə səbəbindən bu matçı buraxıb.
EuroLeague-in səkkizinci turunda digər nəticələr belədir: "Bayern Münhen" – "Barselona" 84:88, "Crvena Zvezda" – "Makabi Təl-Əviv" 100:78, "Panatinaikos" – "Olimpiya Milano" 80:75, "Valensiya" – "Fənərbağça" 86:78, "Baskoniya" – "Real Madrid" 86:104.


