"Panatinaikos"un sahibi Dimitris Yannakopulos klubun əsas hədəfinin "Real Madrid" səviyyəsində bir brendə çevrilmək olduğunu bildirib. O, Madrid təmsilçisini dünya idmanında ən böyük klub hesab etdiyini, lakin məqsədinin yalnız onları geridə qoymaq deyil, həm də "Panatinaikos"un adını daha böyük brendə çevirmək olduğunu vurğulayıb.

Offsideplus.az xəbər verir ki, Yannakopulosun sözlərinə görə, son illərdə "Panatinaikos" düzgün inkişaf yolunu tapıb, komanda Avropa basketbolunun liderləri sırasına qayıdıb və klub ev arenasının modernləşdirilməsinə ciddi sərmayə yatırıb. Klub sahibi həmçinin hesab edir ki, hazırda Afina təmsilçisinin ev oyunlarının ab-havası "Real Madrid"dən daha üstün ola bilər: "Əgər indi Avropada kimdənsə soruşsanız, hansı arenada oyun izləmək istərdi, düşünmürəm ki, o, "Real Madrid"in ev oyununu seçər. Çox güman, bizim arenamıza gəlmək istər".