İngiltərə Premyer Liqası təmsilçisi "Liverpul" fransalı mərkəz müdafiəçisi İbrahima Konate ilə yollarını ayırdığını rəsmən elan edib.
Offsideplus.az xəbər verir ki, klubun yaydığı rəsmi bəyanatda futbolçunun müqavilə müddətinin başa çatması ilə bu yay komandadan azad agent statusu ilə ayrılacağı təsdiqlənib.
Klubun rəsmi açıqlamasında bu ifadələr yer alıb:
"Liverpul FK" İbrahima Konatenin bu yay müqaviləsinin başa çatması ilə klubdan ayrılacağını təsdiqləyir. Konate göstərdiyi xidmətlərə və kluba verdiyi töhfələrə görə dərin minnətdarlıq və hörmətlə yola salınır. Klubda çalışan hər kəs ona gələcək karyerasında uğurlar arzulayır."
"Liverpul"la vidalaşan 27 yaşlı müdafiəçi sosial şəbəkə hesabından azarkeşlərə və kluba polyak dilində emosional bir vida məktubu ünvanlayıb. O, Mersisayd təmsilçisində keçirdiyi 5 ili xatırlayaraq, xüsusilə komanda yoldaşı Dioqo Jotanın faciəvi ölümünə toxunub:
"Əziz "Liverpul"! Beş il əvvəl bura böyük xəyalları olan gənc bir oyunçu kimi gəlmişdim. Bu gün isə ömrümün sonuna qədər mənimlə qalacaq xatirələrlə ayrılıram. Bu klubu təmsil etmək mənim üçün böyük bir şərəf idi. Birlikdə inanılmaz anlar yaşadıq... enişlər, yoxuşlar, kuboklar, çətinliklər, ömürlük dostluqlar və qəlbimizi parçalayan anlar. Amma heç bir acı bizə qardaşımız Dioqonu (Jota) itirmək qədər ağır olmadı."
Müdafiəçi, eyni zamanda, bu il atasını itirdiyini və bu ağır dövrlərə baxmayaraq klub üçün hər şeyini verdiyini qeyd edib:
Bu il atasız qalmağım həyatımın ən çətin dövrlərindən biri oldu, lakin bu çətinliklər qarşısında belə, kluba olan bağlılığım heç vaxt dəyişmədi. Ən ağır anlarda belə bu loqo üçün meydanda hər şeyimi verdim. Komanda yoldaşlarıma, məşqçilərimə, heyətə və pərdəarxasında çalışan hər kəsə mənə hər gün inkişaf etməkdə kömək etdikləri üçün təşəkkür edirəm. Və azarkeşlər... sevginiz, enerjiniz və inanılmaz dəstəyiniz üçün minnətdaram. 'Enfild' həqiqətən xüsusi bir yerdir. Son matçda sizinlə sağollaşmaq fürsəti tapmadığım üçün çox üzgünəm, çünki o formanı sizin qarşınızda sonuncu dəfə geyindiyimi bilmirdim. Bu asan bir vida deyil, amma indi yeni bir sınaq və yeni bir səhifə açmaq zamanıdır. Tezliklə görüşənədək, inşallah. YNWA (Heç vaxt tək yürüməyəcəksən)."


