"Liverpul"un yay transfer pəncərəsində "Paris Sen-Jermen"in cinah oyunçusu Kviça Kvaratsxeliya üçün təklif göndərməyi planlaşdırdığı bildirilir.
Offsideplus.az xəbər verir ki, gürcüstanlı ulduz ötən ilin yanvarında 100 milyon avro civarında bir məbləğ qarşılığında "Napoli"dən Paris klubuna transfer olunmuşdu. PSJ forması ilə Çempionlar Liqasında və "Liqa 1"də nümayiş etdirdiyi möhtəşəm oyunla diqqət çəkən 25 yaşlı futbolçu indi mersisaydlıların əsas hədəfinə çevrilib.
Kvaratsxeliyanın Paris təmsilçisi ilə 2029-cu ilin yayına qədər müqaviləsi var.
Məlumata görə, "Liverpul"un baş məşqçisi Arne Slot hücum xəttini gücləndirmək üçün Kviçanı ideal namizəd hesab edir. Lakin futbolçunun PSJ-nin layihəsində mərkəzi fiqur olması və uzunmüddətli müqaviləsi bu transferin kifayət qədər yüksək məbləğ qarşılığında baş tuta biləcəyindən xəbər verir.


