21 ildir Birləşmiş Ərəb Əmirliklərində yaşayan idman terapevti Faiq Hüseynov hazırda “Əl-Əhli” klubunda çalışır.
Daha əvvəl "Neftçi" və Azərbaycan yığmasında işləyən Faiq Hüseynov Offsideplus.az-un suallarını cavablandırıb.
İndi çalışdığınız klub hansıdır?
- 21 ildir Birləşmiş Ərəb Əmirliklərində yaşayıram. Hazırda "Şabab Əl-Əhli" klubunda masaj terapevti kimi fəaliyyət göstərirəm. Səhiyyə Nazirliyindən lisenziyam var.
AFFA-ya işlə bağlı müraciət etmişdiniz. Cavab necə olmuşdu?
- AFFA-ya 2017-ci ildə müraciət etmişdim. 1992-dən 1998-ə ilə qədər çalışdığım milli komandada yenidən işləmək istədim. Məndən iş təcrübəmi özündə əks etdirən CV göndərməyimi istədilər. Göndərdim. Cavab gəldi ki, vakant yer olduqda məlumat veriləcək. Sonra mən özüm də imtina etdim. Dubay klubu ilə etibarlı müqaviləm var və işsiz deyiləm. Hazırda təkcə Fars körfəzinin deyil, həm də Asiyanın ən yaxşı olkələrindən olan Birləşmiş Ərəb Əmirliklərində çalışmağa davam edirəm.
Sizi ölkədə işləməyə cəlb edən səbəblər hansılar idi?
- Mənə elə gəlirdi ki, mütəxəssis kimi xarici təcrübəm peşəkar fəaliyyət üçün hər cür şəraitin mövcud olduğu ölkə futboluna faydalı ola bilər.
Ölkəyə qayıtsanız hansı klubda işləmək istərdiniz?
- İşə başladığım vaxt heç bir şəraiti olmayan AFFA-da çalışmağa davam etmək istərdim. Beynəlxalq təcrübəyə malik olmadığımız vaxtlarla indi arasında çox böyük fərq var. Klublardan isə "Neftçi", "Sumqayıt" və "Qarabağ"da çıxış etmişəm. Hər 3-ü mənə çox doğmadır. Nə vaxtsa mənə ehtiyacları olsa, onlarla işləməyə hazıram.
Fiziki güc və texniki hazırlığın yüksək səviyyədə olması üçün hansı tələblər ödənməlidir?
- Uzun illərki təcrübəmə əsaslanaraq, deyə bilərəm ki, yaxşı fiziki və texniki hazırlıq üçün əsas şərtlərdən biri yaxşı infrastrukturun mövcudluğudur. Yaxşı futbol meydanları, idman zalları çox önəmlidir. Bunlar qədər vacib olan digər amil isə futbolçuların qidalanması və stressdən uzaq olmalarıdır.
İşlədiniz yerlərdə Azərbaycan futbolu ilə bağlı verilən suallara cavabınız nə olur?
- BƏƏ Asiyada oynayır, lakin bəzən yoldaşlıq oyunlarında milli komandamızla üz-üzə gəlir. Bu yaxınlarda hamı Bəhreyni məğlub etdiyimiz zaman məni təbrik etmişdi.
Hansısa azərbaycanlı futbolçu ilə bağlı maraqlanan olubmu?
- İsveçrə üzərində tarixi qələbədən sonra, müdafiəçimiz Deni Qasumov "Dubay" klubu ilə müqavilə imzaladı. Həmçinin Tərlan Amedov və Vidadi Rzayev də baxışa gəldilər. Kadırov Vladislav və Badri Kvaratsxeliya da baxışdan keçdi. Ancaq burda yalnız Deni Qasumov 2 il oynayıb. Son illərdə isə məndən bu barədə soruşan olmayıb.
Keçmiş iş yoldaşlarınızla, futbolçularla əlaqələriniz qalıbmı?
- İnternet sayəsində bir çox keçmiş futbolçularla ünsiyyətim var. Bunlar Aleksandr Jidkov, Mixail Mixaylov, Andrey Fedorovski və başqalarıdır. "Neftçi"nin keçmiş yarımmüdafiəçisi Arzu Mirzəyevlə də əlaqəm var.
Siz daha çox ulduz futbolçularla olan fotolarınıza görə diqqət mərkəzində olursunuz. Bəs istədiyiniz, ancaq fotonuz olmayan futbolçu hansıdır?
-Futbola 87-ci ildə gəlmişəm. Buna görə də məşhur futbolçuların çoxu ilə tanışlığım və fotolarım var. Banişevski ilə fotom olmadığı üçün təəssüflənirəm. İsraildə milli komandanın oyununda bir yerdə olduğum zaman bunu edə bilərdim.
Futbolumuzda indiki və siz işlədiyiniz dövrlə müqayisədə hansı fərq, inkişaf və geriləmə müşahidə edirsiniz?
-İndi hər cür şərait var, amma millinin nəticəsi bununla uzlaşmır. Baxmayaraq ki, mən xarici məşqçilərlə çox işləmişəm, ancaq millini yerli məşqçinin çalışdırmasını istəyirəm. Əvvəlcə komanda olmağı bacarmalıyıq, sonra nəticə də olacaq. Əlbəttə ki, Tovuz, Gəncə və Lənkəran kimi futbolun olduğu ərazilərin də klubu çempionatda çıxış etməlidir. Onlarla orda oynayıb qələbə qazanmaq həmişə çətin olub.
Futbolçularımızın fiziki vəziyyətlərinin oyunlara təsirini necə dəyərləndirirsiniz? Daha yaxşı nəticələr əldə etmək üçün nəyi məsləhət görərdiniz?
- Futbolda xırda işlər yoxdur. İndi bütün ölkələr bu oyuna daha peşəkar yanaşırlar. Etiraf edək ki, futbol çox bahalı sahədir. Sponsor və dövlət dəstəyi olmadan uğur qazanmaq çox çətindir. Doğma şəhərim Sumqayıtdakı stadionun bərpasına görə Prezident İlham Əliyevə təşəkkür edirəm, buna görə çox xoşbəxtəm.
Avro-2020 zamanı Bakıya gəlməyi planlaşdırırsınızmı?
-Bəli, Avropa çempionatını izləmək üçün Bakıya gələcəm. Qardaş Türkiyə millisini stadiondan dəstəkləmək istəyirəm.