"Gəncə" basketbol klubunun əsas komandasında köməkçi məşqçi, aşağı yaş qruplarında baş məşqçi kimi çalışan Rizvan Səfərovun Offsideplus.az saytına müsahibəsini sizə təqdim edirik:

– Hazırda məşqlərdə hansı yaş qrupları iştirak edir?

– Bildiyimiz kimi, hər il yeniyetmələr və gənclər arasında Uşaq-Gənclər Basketbol Liqası keçirilir. Hal-hazırda məşqlərimizdə həm oğlanlardan, həm də qızlardan ibarət yeniyetmə və gənc komandalar yer alır. Oktyabr ayında start götürəcək növbəti mövsümün hazırlıqlarına indidən başlamışıq. Məqsədimiz perspektivli idmançıları aşkar edib, onları yüksək səviyyəyə çatdırmaqdır. Komandalarımızda çox istedadlı basketbolçular var. Kütləvilik artdıqca istedadlı idmançıların da üzə çıxma şansı artır. Çalışırıq ki, regionda basketbolun kütləviliyini təmin edək, ümidverici gəncləri aşkar edərək şəhərin yığma komandası olan "Gəncə" basketbol klubunun heyətinə cəlb edək.

– "Gəncə"nin aşağı yaş komandaları nə qədər müddətdir fəaliyyət göstərir?

– Uşaq-Gənclər Basketbol Liqası 10 ilə yaxındır ki, təşkil olunur və biz hər il bu turnirə qatılırıq. İstər oğlanların, istərsə də qızların yarışında çempionluqlar yaşamışıq, mükafatçılar sırasına düşmüşük. Növbəti mövsümdə də 3 yaş qrupu üzrə həm oğlan, həm də qız komandalarımız mübarizə aparacaq.

– Çempionatdakı əsas uğurlarınız hansılardır?

– Ötən mövsüm oğlanlarımız ikinci yeri tutdular, qızlarımız isə iki fərqli yaş qrupunda bürünc medala sahib oldular. Bu il çalışacağıq ki, nəticələrimizi daha da yaxşılaşdıraq, ikincilikləri çempionluqla, üçüncülükləri isə finalla əvəz edək.

– Aşağı yaş komandaları hansı yaş qruplarından ibarətdir?

– Bizdə 7-8, 9-11, 13-15 və 15-16 yaş qrupları fəaliyyət göstərir.

– Gəncə futbol bölgəsi kimi tanınır. Basketbola maraq hansı səviyyədədir?

– Açıq etiraf etmək lazımdır ki, son 5 ildə yeniyetmələrin basketbola marağı və inamı günbəgün artır. "Gəncə" əsas komandası iki dəfə Azərbaycan Kubokunun qalibi olub, ölkə çempionatında gümüş və bürünc medallar qazanıb. Ən əsası isə komandamız bu mövsüm Avropa kuboklarında iştirak edəcək. Bu da həm valideynlərin, həm də uşaqların basketbola peşəkar idman növlərindən biri kimi baxmasına böyük təkan verir. Uşaqlar özlərini gələcəkdə əsas komandanın heyətində görürlər.

– Məşq etdirdiyiniz basketbolçular arasında milli komandaya və ya əsas heyətə namizədlər varmı?

– Bəli, var. Azərbaycanın müxtəlif yaş qrupları üzrə milli komandaları mövcuddur. Bizim yetirmələrimizdən Tofiq İsmayılov, İlham və Fəxrəddin Həsənov yığmaya dəvət alıblar. Sevindirici haldır ki, 16 yaşlı bir gəncimiz də bu il "Gəncə"nin əsas komandası ilə birlikdə peşəkar basketbola ilk addımlarını atacaq.

– Əsas komandanın məşqçilərindən birisiniz. FIBA Avropa Kubokundakı debüt mövsümündən gözləntiləriniz nədir?

– Bu, region klubu üçün bir ilkdir. İndiyədək ölkəmizi Avropada "Neftçi", "NTD-İndiqo" və "Sabah" təmsil etmişdi. Region komandası kimi isə "Gəncə" ilk dəfə bu həyəcanı yaşayacaq. Rəqiblərimiz artıq bəllidir və onların oyunlarını analiz edirik. Debütümüz olmasına baxmayaraq, məqsədimiz qrupdan çıxaraq növbəti mərhələyə vəsiqə qazanmaqdır.

– Komandanın ümumi hazırlıq prosesi necə təşkil olunub?

– Məşqlərimiz sentyabrın 1-dən başlayır. Həm legionerlər, həm də yerli oyunçular Gəncəyə toplanıblar. Günə iki məşqlə başlayacağıq, daha sonra 10 günlük təlim-məşq toplanışı üçün Qubaya yola düşəcəyik. Orada yoldaşlıq görüşləri də keçirməyi planlaşdırırıq. Liqa başlayana qədər yoldaşlıq matçlarında gücümüzü yoxlayıb tam hazır vəziyyətə gəlmək niyyətindəyik.