Dünya Kuboku 2026-da iştirak edən jurnalistlərimizdən biri də AİJA (Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının) vitse-prezidenti, Estafet.az saytının baş redaktoru Natiq Nəsirov idi.
Təcrübəli həmkarımız okeanın o tayındakı təəssüratları haqda Offsideplus.az saytına müsahibə verib.
- Səfəriniz neçə keçdi? Getməyə dəyərdi?
– Meksika və Kanadada heç vaxt olmamışdım, oralara ilk səfərim idi. ABŞ-ə isə uzun illər öncə bir dəfə getmişfim. Lakin, o səfər təcrübə proqramı çərçivəsində baş tutduğu üçün, səfər demək olmazdı. Bu dəfə isə, sözün həqiqi mənasında çox möhtəşəm keçdi. Bütün səfərlərim zamanı maksimum çalışıram ki, olduğum ölkənin idman tarixini, idman infrastrukturunu öz gözlərimlə görüm, müqayisələr aparım, cəmiyyətin idmana yanaşmasını öyrənim. Əlbəttə ki, bu dəfə də istisna olmadı və çox yaddaqalan xatirələrlə qayıtdım. Bunların içində isə ən unudulmazı və hələ də təsirindən çıxmadığım dünya idmanının əfsanəsi, dahi boksçu Məhəmməd Əlinin şəhəri olan Luisvilə səfərim oldu. Əlinin həyatından çox oxuduğum üçün onunla bağlı olan hər yeri görmək istədim. Bildiyiniz kimi onun boksa başlama səbəbi velosipedinin oğurlanması olub – həmən ərazini, ilk məşqə başladığı, ilk döyüşə çıxdığı ərazini, Məhəmməd Əli Mərkəzini ziyarət etmək, onun 18 yaşınadək yaşadığı və hazırda Məhəmməd Əlinin ev-muzeyi olan evi görmək, o evdən çıxıb dərsə gedərkən avtobusdan istifadə etməyərək məktəbədək qaçdığı yolu piyada getmək və bu zaman onu da oralardaymış kimi hiss etmək ifadəolunmazdır. İkinci sualınıza gəldikdə isə, təbii ki, dəyərdi. Düşünürəm ki, hər bir idman jurnalistinin ən böyük arzularından biri, bəlkə də birincisidir ki, mundialı canlı izləsin. Bu səbəbdən inanmıram ki, bu suala “dəyməzdi” cavabı verən idman jurnalisti olsun.
- Hansı ölkələrdə, neçə oyunda iştirak etdiz?
– Dünya Kubokunun keçirildiyi hər 3 ölkədə oldum və ümumilikdə 11 oyunda iştirak etdim.
- Daha əvvəl mundialları canlı olaraq izləmişdiz?
– Bəli, son 3 mundialı canlı olaraq izləmişəm. 2022-ci ildə FIFA tərəfindən rəsmi media akkreditasiyası alaraq Qətər mundialını da media tribunadan izləmək nəsibim olub. Ancaq Rusiyada keçirilən Dünya Kubokunda azarkeş kimi iştirak etmişdim.
– Canlı izlədiyiniz oyunlardan ən maraqlısı, sizcə hansı idi?
– 2026 Dünya Kubokunun qrup mərhələsinin 10 oyunu canlı izlədim. Bunların içində 3 oyunu qeyd edərdim ki, futbol adına daha maraqlı idi. Braziliya – Mərakeş, İngiltərə – Xorvatiya və Niderland – İsveç. Play-off mərhələsində isə mənə böyük təəssüf hissi yaşadan Niderland – Mərakeş oyunu oldu.
– Anar Şabanoğlu müsahibəsində əsas getmək səbəbinin Roderik Miller olduğunu demişdi. Bəs sizdə nə idi?
– Öncə onu qeyd etmək istərdim ki, Anarın da Dünya Kubokunda iştirak etməsinə ən az öz uğurum qədər sevindim. Çünki, vitse-prezidenti olduğum Azərbaycan İdman Jurnalistləri Assosiasiyası – AİJA olaraq, əlimizdən gəldiyi qədər maksimum çalışırıq ki, azərbaycanlı idman jurnalistləri daim beynəlxalq idman tədbirlərində iştirak etsinlər. Çünki, bu, Azərbaycanınidman jurnalistikasının və idman jurnalistlərinin müsbət beynəlxalq imic qazanması baxımından çox mühümdür. Olub ki, həmkarlarımızdan gecə saat 2-də, 3-də və daha gec saatlarda zəng edərək, yazaraq bildiriblər ki, 1 gün vaxtımız qalıb, hansısa beynəlxalq yarış və ya oyuna media akkreditasiyası almaq istəyirik. Elə həmən gecə saatlarında müraciəti hazırlayıb göndərmişik və şükürlər olsun ki, indiyədək hamısını müsbət həll etmişik. Anarın media akkreditasiyası üçün müraciətinə cavab olmadığını öyrəndikdən sonra, AİJA olaraq addımlar atdıq və çox sevindiricidir ki, dəstək ola bildik. Çox çalışdım ki, dəyərli həmkarımız Fərid Ramazanovun da akkreditasiyasına kömək edim. Lakin, Fərid FIFA tərəfindən media akkreditasiyası üçün müraciət prosedurlarına uyğun vaxtda müraciət etmədiyi üçün adı sistemə düşməmişdi və təəssüf ki, bizdən asılı olmayan bu səbəbə görə ona kömək edə bilmədim. Mundiala getmə səbəbim isə təbii ki, Roderik Miller deyildi. Çünki onun oynamayacığını bilirdim. Belə ki, Kopa America 2024-də də media akkreditasiyasından keçmişdim və o zaman, təşkilatçılar rəsmi akkreditasiyası olan media nümayəndələrinin “whatsaap” qrupunu yaratmışdılar. O qrup hazırda da fəaliyyət göstərir. Qrupda olan panamalı idman jurnalistləri ilə danışdım və hamısı birmənalı olaraq, əminliklə Millerin oynamayacağını demişdilər. Mənim mundiala və ümummiyyətlə bütün beynəlxalq idman tədbirlərinə getmə səbəbim isə, bayaq qeyd etdiyim kimi, ölkəmizin idman jurnalistikasının müsbət imici üçün az da olsa töhfə verməkdir. Mundial üçün ikinci səbəbim isə azarkeşi olduğum, futbolu mənə sevdirən Niderland millisinin bütün oyunlarını canlı izləmək idi.
– Hansı millilər sizi təəccübləndirdi? İstər müsbət, istər mənfi.
– Müsbət mənada təəccübləndirən millilər kimi, Meksika, Kabo-Verde və Paraqvayın adlarını çəkə bilərəm. Mənfi mənada isə ilk növbədə təbii ki, Niderland millisi.
– Nə əcəb finala qədər qalmadız?
Sözün açığı, finala qədər qalacağımı düşünərək səfərə çıxmışdım və biletim də buna uyğun alınmışdı. Lakin, Türkiyənin qrupda qalması və daha sonra Niderlandın 1/16-də mübarizəni dayandırması planlarımı dəyişdi. Həm də, kəskin hava dəyişkənliyi səbəbindən 2 gün möhkəm xəstələndim. Qayıtdım ki, sonra finala gedərəm. Final üçün akkreditasiyadan keçdim, lakin vacib işlər çıxdığı üçün gedə bilmədim və akkreditasiyadan imtina etməli oldum.
– Argentinanın çempion olmamasını nə qədər sürpriz olaraq qarşıladız?
Əksinə, Argentinanın çempion olmasını sürpriz olaraq qarşılayardım. Play-off oyunlarının demək olar ki, hamısını çətinliklə keçmələri göstərirdi ki, çempionluq haqları deyil. İspaniya isə daha güclü və favoritlərdən sayılan rəqiblərini öz oyunlarını diqtə edərək bir-bir sıradan çıxararaq çempionluğa layiq olduqlarını sübut etdilər.
– Son olaraq hansı təəssüratlarınızı əlavə etmək istərdiz?
Əlavə etmək istədiyim əsas nüans – futbolun hələ də amerikalılar tərəfindən yetərincə sevilməməsidir. Daha doğru ifadə etsəm, kütləviliyinə və izlənməsinə görə futbol Amerikada ilk 5-likdə belə deyil. Halbuki, qısa zaman kəsiyində bu ölkə 2 mundiala ev sahibliyi edib. Tərəddüdsüz deyirəm, meksikalı azarkeşlər olmasaydı, ABŞ-dəki oyunlar zamanı dolu stadionlar görməyəcəkdik. Təsəvvür edin, Niderland – Yaponiya, İngiltərə - Xorvatiya, Portuqaliya – Özbəkistan, Niderland – İsveç və digər oyunlarda bu komandaların meksikalı azarkeşləri öz azarkeşlərindən nəzərəçarpacaq dərəcədə çox olurdular. Düşünürdüm ki, ola bilsin cənub ştatlarda meksikalılar çoxdular deyə belədir. Lakin Nyu Yorkda, Bostonda, Filadelfiyada da eyni vəziyyət idi. Meksikada istər oteldə, istər restoranlarda – hər yerdə televiziyalarda bütün günü oyunlar, oyunların təkrarları, futbol haqda verilişlər olan kanallar qoşulu olurdu. ABŞ-də isə stadiondan çıxıb şəhərə tərəf yaxınlaşırdın və deməzdin ki, bu ölkədə Dünya Kuboku keçirilir. Şəhərdə qarşına çıxanlar isə İngiltərə, Portuqaliya, İspaniya, Fransa, Niderland, Yaponiya və digər millilərin forma və atributları ilə bəzənmiş meksikalı azarkeş qrupları olurdu. Nyu Yorkda əhalinin idmanla bağlı əsas müzakirəsi isə 14 iyul tarixində NBA finalının 5-ci qarşılaşmasında “Knicks”in “Spurs”u məğlub edərək çempion olması idi.


