"Biz mümkün qədər çox yarışda iştirak etmək istəyirik".
Bu sözləri Offsideplus.az-a açıqlamasında Azərbaycan Basketbol Federasiyasının (ABF) idman direktoru Turqay Zeytingöz deyib.
ABF rəsmisi Bakıda keçirilən 3x3 basketbol üzrə Qadınlar arasında Dünya Seriyası barədə fikirlərini bölüşüb:
"Ölkəmizdə keçirilən turnirdə azarkeşlərimizin dəstəyini hiss etmək bizim üçün xüsusi əhəmiyyət daşıyır. Bildiyiniz kimi, FIBA ilə əldə olunan razılaşma çərçivəsində hər yay Azərbaycanda üç turnir təşkil edirik. Bakı mərhələsində Azərbaycan millisi və "Neftçi SOCAR" olmaqla iki komanda ilə təmsil olunduq. Əsas məqsədimiz Olimpiya Oyunlarına vəsiqə qazanmaqdır. Burada toplanan reytinq xalları Olimpiadaya gedən yolda mühüm rol oynayır. Məhz buna görə də iki komanda ilə çıxış edirdik. Qızlarımız çox yaxşı mübarizə apardılar. Ümid edirəm ki, qazandıqları təcrübə növbəti yarışlarda da onlara fayda verəcək.”
Qeyd edək ki, bu gün “Neftçi SOCAR” 1/4 final mərhələsində Sloveniya millisinə məğlub olaraq mübarizəni dayandırıb.
Yarışın ilk günündə isə Azərbaycan millisi Benin yığmasını inamlı şəkildə məğlub etsə də, Braziliya millisinə uduzub.


