“Sumqayıt” Futbol Akademiyasının direktoru Hakan Sünal “Offsideplus.az” saytına müsahibəsinin ikinci hissəsini sizə təqdim edirik:
- Yəqin ki, akademiyaya rəhbərlik etdiyiniz dövrdə sizə tapşırıq məqsədilə müraciət edənlər olub. Maraqlıdır, belə hallarda nə reaksiya vermisiniz?
- Çox yaxşı bir mövzuya toxundunuz. Mən Almaniyada olarkən “tapşırıq” söhbətini görmədim. Heç vaxt sənə deməzlər ki, “bu uşağı götürməlisən” və ya “bu filankəsin adamıdır”. Orada deyirlər ki, uşaq bu sahəyə yararsızdırsa, deməli yararsızdır. İstəyir lap kralın oğlu olsun. Ona görə də bəlkə onların inkişaf tempi belə yüksəkdir.
Buraya gəldiyimdə belə şeylərə necə reaksiya verəcəyimi bilmirdim. Mənim bəlkə də ən böyük avantajım odur ki, sonda mənim üstümə ata bilərlər ki, “bu əcnəbidir, bunda olmur”. Bir dəfə, iki dəfə etdinsə, davamı gələcək. Məşqə gələ bilirsənsə, gəl, ancaq götürüb-götürməməyin qərarını mən verirəm. Reallıq hissini itirmək olmaz.
- Uşağın futbola yarasız olduğunu bir valideynə, yaxud elə uşağın özünə necə deyirsiniz?
- 15 yaşa qədər heç bir problem olmur, çünki komanda sayı çoxdur. Qırılma nöqtəsi 15 yaşdan sonra başlayır. Sumqayıt kimi böyük şəhərin Premyer Liqada təmsil olunan tək komandası bizik. Buna görə də ikinci komanda yaradıb yarışlara çıxardıq ki, həmin uşaqlar itib-batmasın.
Valideynlər də yavaş-yavaş başa düşür ki, futbol bir piramidadır. Yuxarıya çıxdıqca aşağı-yuxarı bəlli olur ki, bu uşaq zirvəyə çata bilər, ya yox. Problem ondadır ki, Premyer Liqada komanda sayı azdır. Mən gəldiyim dövrdə Premyer Liqada 10 komanda vardı, aşağı liqa ilə birlikdə ümumilikdə 18 komanda idi. Bunu da 20-yə vuranda təxminən 300 nəfər edir. Deməli, bu boyda ölkədə peşəkar futbol oynaya biləcək cəmi 300 yer var. Elə təkcə mənim akademiyamda 300 uşaq var.
Əslində ən böyük problemlərdən biri peşəkar səviyyədə komanda sayının az olmasıdır. Amma illərlə bu istiqamətdə uğurlu işlər görülür. İkinci divizion və əvəzedicilər liqası yaradıldı. Yaxşı yoldayıq.
Sualınıza gəldikdə isə, belə hallarda uşaqlara deyirik ki, burada alınmadısa, digər liqada ola bilər. Mən həmişə valideynlərə deyirəm ki, hər şeyi futbolun üzərində qurmaq olmaz. Sən nə qədər istedadlı futbolçu olsan belə, bir gün bir zədə ilə futbol karyeran bitə bilər. Ona görə də valideynlərə tövsiyəm odur ki, bütün ümidlərinizi yalnız futbola bağlamayın. Paralel olaraq təhsil və peşə seçiminə də diqqət edin.
Məsələn, Almaniyada əksər peşəkar futbolçuların ya əlavə bir peşəsi var, ya da ali təhsili. Biz də növbəti illərdə bu istiqamətdə müəyyən işlər görməyi planlaşdırırıq. Məsələn, aşağı yaş qrupları ilə Azərikimya İstehsalat Birliyinin müxtəlif zavod və istehsalat sexlərinə ekskursiyalar həyata keçiririk. Yəni uşaqlara paralel olaraq iş həyatının digər istiqamətlərini də göstərmək istəyirik ki, bax, burada alınmasa, başqa seçim də var.
- "Sumqayıt" akademiyasında uşaqlar daimi şəkildə bazada yaşamır. Bilirik ki, futbolçuların qida və yuxu rejiminə nəzarət baxımından bu sistemin faydaları çoxdur. Məsələn, bizdə Qəbələ Futbol Akademiyası nümunəsi var ki, orada illərlə bu sistem tətbiq olunub. Siz buna lüzum görmürsünüz, yoxsa mövcud şərait imkan vermir?
- Əgər konkret olaraq "Qəbələ" nümunəsindən danışırıqsa, deyə bilərik ki, orada futbol zəif olduğu üçün belə bir bazanın yaradılmasına ehtiyac vardı. Müəyyən investisiya qoymaq lazım idi ki, uşaqları bir yerə toplaya bilsinlər. Amma görürük ki, sözügedən strategiya artıq tükənir. O akademiya bu gün əvvəlki kimi fəaliyyət göstərsəydi, rəqabət baxımından çox yaxşı olardı. Amma "Qəbələ" akademiyası əvvəlki kimi deyil. Hardan-hara…
Səbəb də odur ki, strategiya pul üzərində qurulmuşdu. Bizdə isə belə deyil. Biz baza yaratsaq, mən sevinərəm. Bunun müsbət tərəfləri çoxdur. Lakin nəzərə alaq ki, Qəbələdə yox, Sumqayıtda yaşayırıq. Bizim yetəri qədər potensiallı uşaqlarımız var.
Həmçinin Qəbələdə problem ondadır ki, orada 9-10 yaşlı uşaqları sosial həyatından çıxarıb bir bazada toplayırlar. Oradakı uşaqların əksəriyyəti ətraf bölgələrdən gəlir. Sumqayıtda isə uşaqlar maksimum yarım saata məşqə gəlib qayıda bilir.
Bir gün bizdə belə bir sistem yaradılsa, bunun yalnız 15 yaşdan yuxarı uşaqlar üçün tətbiq edilməsinə üstünlük verərəm. Çox önəmlidir ki, sözügedən üsul üst yaş qrupları üçün tətbiq olunsun. Avropada 11-12 yaşlı uşaqları internat tipli yataqxanalara cəlb etmirlər. Əvvəla, buna valideyn icazə vermir. Uşağın təbii mühitində formalaşması çox vacibdir.
Məsələn, bizdə də uzaq bölgələrdən gələn bir neçə uşaq var. Onları akademiyanın yaxınlığındakı internat məktəbinə yerləşdirmişik. Amma belə uşaqların sayı azdır.
- Akademiyanın beynəlxalq yarışlarda iştirakını necə dəyərləndirirsiniz?
- Bu istiqamətə böyük önəm veririk. Müxtəlif komandalarımız tez-tez beynəlxalq yarışlara qatılır. Bu yaxınlarda Türkiyədə, Qətərdə və Qırğızıstanda keçirilən turnirlərdə iştirak etmişik. Həmçinin U-19 məşqçimizlə Belqradda təcrübədə olduq. Bizim üçün çox faydalı keçdi. Həmçinin akademiyamızın məşqçiləri tez-tez onlayn seminarlara qoşulur.
- Sizcə, Azərbaycanda futbolun inkişafını ləngidən əsas problem nədir?
- Azərbaycanda kifayət qədər istedadlı futbolçular var, problem istiqamətdədir. Nəticə görmək üçün səbrli olmaq lazımdır. Azərbaycanın müstəqillik tarixi 30 ildir. Bu müddət ərzində neçə futbolçu nəsli yetişdirmək olar?
Gəlin indi Avropaya baxaq. Məsələn, Almaniya Futbol Federasiyası 1903-cü ildə yaradılıb, İngiltərə Futbol Federasiyası isə 1870-ci ildən fəaliyyət göstərir. Biz hələ inkişaf prosesindəyik. Bu gün görülən işlərin nəticəsini minimum 10 il sonra dəyərləndirə bilərik.
Futbol mədəniyyətini inkişaf etdirməliyik. Akademiya matçlarına bəzən Premyer Liqa oyunlarından daha çox adam gəlir. İnanın, bu da zamanla dəyişəcək. Həmin valideynlər gün gələcək uşaqlarını stadionda izləyəcəklər.
Məsələn, mən bura gələndə Elvin Cəfərquliyev bizdə icarədə oynayırdı. O vaxtlar onu çox adam tanımırdı. Amma mən onda böyük futbol oynaya biləcək istedadı görürdüm. İllər sonra da bunu təsdiqlədi.
Hazırda isə Nadir Orucovu bir start heyət oyunçusu kimi görürəm. İnanıram ki, üç-dörd il sonra o da Cəfərquliyev səviyyəsində futbolçu ola bilər.
- Sevindirici haldır ki, sizin akademiyada qadın futboluna xüsusi diqqət var. Bu istiqamətdə prioritetləriniz nələrdir?
- Qadın futbolunda işlərimiz çox yaxşı gedir. Bu yaxınlarda Almaniyada yerləşən qız futbol komandalarından birində qonaq idim. Orada mənə 10-12 cüt buts hədiyyə etdilər, mən də onları gətirib buradakı qızlara payladım. Belə nüanslar uşaqlar üçün motivasiyadır.
Azərbaycanda qadın futbolunun durumu kişi futbolundan daha yaxşıdır. Bunu mən yox, FIFA və UEFA reytinqləri deyir. Hələ təsəvvür edin ki, qadın futboluna peşəkar yanaşma da tam yoxdur. Əgər bu sahəyə diqqət daha da artırılsa, ciddi uğurlar qazana bilərik.
Hazırda qızlardan ibarət 14 yaş, 16 yaş və yüksək liqa komandalarımız var. Çox istəyirəm ki, yaxın gələcəkdə 12 yaş komandası da yaradaq. Çünki aşağı yaşlarda da istedadlı uşaqların sayı çoxdur.
Məsələn, bizdə 10 yaşlı Nuray var, çox istedadlıdır. Hətta biz onun oğlanlarla yarışması üçün AFFA-ya müraciət etdik və müsbət cavab aldıq. Həmin müraciətdən sonra 12 yaşadək oğlanların çempionatında qızların da iştirakına icazə verildi.
Həmçinin 13 yaşlı Zeynəb adlı bir qızımız da var, o çox istedadlıdır. Zeynəb gələcəkdə Azərbaycanın Ronaldosu ola bilər.
Qeyd: Müsahibənin ilk hissəsini burada oxuya bilərsiniz.


