Bolqarıstanın Samokov şəhərində yeniyetmə güləşçilərin U15 Avropa çempionatı davam edir.

Offsideplus.az xəbər verir ki, yarışın üçüncü günündə Azərbaycanın qızlardan ibarət milli komandası aktivinə 1 qızıl və 1 bürünc medal yazdırıb.

Xalçaya çıxan Ülviyyə Musayeva (33 kq) həlledici final görüşündə Türkiyə təmsilçisi Yağmur Minazı vaxtından əvvəl, tam üstünlüklə (11:0) məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Bu möhtəşəm uğurla Ülviyyə Azərbaycan qadın güləşi tarixinə U15 yaş qrupunda Avropa çempionluğu qazanan ilk idmançı kimi adını yazdırıb.

Digər təmsilçimiz Mədinə Kərimova (46 kq) isə bürünc medala gedən yolda əvvəlcə təsəlliverici görüşdə rusiyalı Şanka Malçinovadan güclü olub (5:2). Ardınca 3-cü yer uğrunda qarşılaşmaya çıxan güləşçimiz türkiyəli Karin Güleri "tuş"la üstələyərək Avropa çempionatının bürünc mükafatını təmin edib.

Yunan-Roma güləşi üzrə millimizin sonuncu idmançısı Fikrət Baxşəliyev (85 kq) isə yarışı fəxri kürsünün bir addımlığında başa vurub. Təsəlliverici matçda Xorvatiya idmançısı Stefan Çavriçi böyük hesabla (9:0) məğlub edən Baxşəliyev, bürünc medal uğrunda həlledici görüşdə Belarus güləşçisi Nikola Osipova uduzub (2:9) və 5-ci yerlə kifayətlənib.