Misli Premyer Liqasının sonuncu (33-cü) turunda "Turan Tovuz"u 2:1 hesabı ilə üstələyən "Sabah" komandası mövsümü qələbə ilə qapayıb.

Offsideplus.az xəbər verir ki, ​matçın ardınca təşkil olunan mətbuat konfransında Masazır klubunun baş məşqçisi Valdas Dambrauskas media nümayəndələrinin suallarına aydınlıq gətirib.

Mütəxəssis oyunu və komandanın gələcək planlarını bu cür şərh edib:

​"Son turdakı bu qələbə münasibətilə rəhbərliyi, futbolçularımızı və bizi dəstəkləyən hər kəsi təbrik edirəm. Açığı, meydanda ən yaxşı oyunumuzu nümayiş etdirə bilmədik, bərabərsəviyyəli bir mübarizə getdi. Bir az bəxtimizin gətirdiyini və şansları qola çevirdiyimizi demək olar. Rəqib komanda 3-4 real qol vəziyyəti yaratsa da, qapıçımızın uğurlu seyvləri bizi xilas etdi. Mövsümün son matçlarında oyunçuları kökləmək çətin olur, çünki hamı artıq fikirlən tətilə çıxır. Lakin qarşıda bizi daha böyük sınaq – Çempionlar Liqasının təsnifat mərhələsi gözləyir."

​"Qarabağ"ın avrokuboklardakı çıxışının "Sabah"ın yerli çempionatdakı uğuruna yol açması barədə verilən sual baş məşqçini qəzəbləndirib:

​"Siz bu sualı cari mövsümün çempionunun, kubok sahibinin və düz 33 matçdır öz meydanında uduzmayan bir komandanın evində verirsiniz. Sizdən əməyimizə hörmətlə yanaşmağınızı tələb edirəm. Hətta Qurban Qurbanov belə bizim bu mövsüm ən yaxşı olduğumuzu etiraf etdiyi halda, siz hələ də bəhanələr axtarmaqla məşğulsunuz. Bu, həm kluba, həm heyətə, həm də məşqçilər korpusuna qarşı hörmətsizlikdir. İlin sonunu belə gərgin bitirmək istəməzdim, amma bu yanaşma qəbuledilməzdir. Qazandığımız titullara görə kimdənsə üzr istəyən deyiləm."

​Çempionlar Liqası üçün heyətin gücləndirilməsi və transfer planları barədə danışan Dambrauskas bildirib ki, klub öz ənənəvi xəttini qoruyacaq

​"İyunun ortalarında yenidən bir araya gələcəyik. Püşkatmanın nəticələri və rəqibimiz müəyyənləşəndən sonra xüsusi hazırlıqlara başlayacağıq. Biz həmişə olduğu kimi, bu mövsüm də hər oyuna addım-addım hazırlaşmaq strategiyasını seçəcəyik."

​Növbəti mövsümün sıx qrafiki barədə danışan litvalı mütəxəssis qısa istirahət planlarını bölüşüb:

​"Qarşıdakı mövsüm asan olmayacaq. Sabah doğma vətənim Litvaya yollanıram. Bir həftədən sonra isə ailəmlə birlikdə xaricdə dincələcəyik. Tətildən dərhal sonra komanda ilə birgə Avstriyada təlim-məşq toplanışına start verəcəyik."

​Mətbuatda Mikelsin klubla yeni müqavilə bağlamaqdan imtina etməsi barədə yayılan xəbərlərə gəlincə, baş məşqçi oyunçuların azad seçiminə hörmətlə yanaşdığını qeyd edib:

​"Azərbaycan azad və demokratik bir ölkədir, hər kəs öz gələcəyi ilə bağlı qərar verməkdə sərbəstdir. Bizim bazanın girişində çox önəmli bir şüar var: 'Heç bir futbolçu komandadan üstün ola bilməz'. Mikels komandamız üçün fantastik bir mövsüm qazandırdı. Ona və digər gedən oyunçulara uğurlar arzulayıram. Unutmayın ki, biz fərdlərdən asılı olmayan bütöv bir komandayıq – biz "Sabah"ıq. Mövsüm boyu Mikelsin yoxluğunda onu layiqincə əvəzləyən digər futbolçularımız da öz sözünü dedi".