​"Turan Tovuz" Misli Premyer Liqasının qapanış turunda səfərdə "Sabah"a 1:2 hesabı ilə uduzub.

Offsideplus.az xəbər verir ki, ​"Bank Respublika Arena"dakı matçın ardınca mətbuat nümayəndələrinin qarşısına çıxan Tovuz təmsilçisinin baş məşqçisi Kurban Berdiyev qarşılaşmanı şərh edib.

Təcrübəli mütəxəssis məğlubiyyətə baxmayaraq komandasından razı qaldığını bildirib:

"Azarkeşlər üçün maraqlı bir qarşılaşma alındı. Əfsus ki, yaratdığımız əlverişli qol şanslarından yararlana bilmədik. Buna baxmayaraq, oyunçularımın çıxışından narazı deyiləm. Meydanda sona qədər mübarizə apardılar. Həmçinin bu görüşdə gənc oyunçularımıza özlərini göstərmək üçün şans yaratdıq və onları heyətə cəlb etdik."

​Mövsümü ümumi olaraq dəyərləndirən Berdiyev bunları deyib:

"Bütövlükdə bizim üçün pis mövsüm olmadı. Lakin bəzi matçlarda bərabərsəviyyəli oyun nümayiş etdirsək də, lazımsız xal itkiləri ilə üzləşdik. Az öncə soyunub-geyinmə otağında göstərdikləri performansa görə bütün komandaya minnətdarlığımı çatdırdım".

​Klub prezidenti Ehtiram Quliyevin çempionluq iddiaları və növbəti mövsümdəki hədəflər barədə danışan baş məşqçi rəqib komandanı nümunə çəkib:

"Rəhbərliyin qarşıya böyük məqsədlər qoyması çox sevindirici haldır. Bu addım bizim məsuliyyətimizi daha da artırır. Bu ilki çempionat bir daha sübut etdi ki, uğur qazanmaq üçün geniş heyətə malik olmalısan. Elə 'Sabah' komandası buna ən yaxşı sübutdur. Güclü heyət qurdular, yaxşı baş məşqçiləri var və layiqincə çempion oldular. Biz də heyətimizi gücləndirmək niyyətindəyik. Sadəcə, bunun büdcəmizə nə dərəcədə uyğun olacağını zaman göstərəcək. Real maliyyə durumumuzun fərqindəyik".

​Gələcəkdə "Turan Tovuz"la avrokuboklarda uğur qazanmağın mümkünlüyünə toxunan mütəxəssis məsələnin birbaşa transferlərlə bağlı olduğunu vurğulayıb:

​"Hər şey klubun transfer siyasətindən və bu işə ayrılacaq maliyyədən asılı olacaq. Əgər heyətimizə keyfiyyətli oyunçular qata bilsək, Avropada da uğurlu nəticələr qazanmaq şansımız bir o qədər artacaq."