"Sumqayıt" Futbol Akademiyasının analitiki, videoanaliz üzrə mütəxəssis Nurlan Fərhadın Offsideplus.az saytına müsahibəsi

- Ötən ay AFFA ilə "Eyeball" şirkəti arasında əməkdaşlıq müqaviləsi imzalandı. Yeni əməkdaşlığın sizin işinizə bilavasitə təsirini nəzərə alaraq istərdim söhbətimizə məhz buradan başlayaq.

- “Eyeball” şirkətinin kamera və analiz platforması bundan sonra Azərbaycan futbolunda da tətbiq olunacaq. Sözügedən layihədə “Sumqayıt” Futbol Akademiyası da iştirak edir. Layihə çərçivəsində oyunların çəkilişi “Veo” kameraları vasitəsilə həyata keçiriləcək və artıq kameralar AFFA tərəfindən sifariş olunub. Bundan sonra oyunların çəkilişi birbaşa federasiya tərəfindən təşkil ediləcək. Oyunlar çəkildikdən sonra analitiklər tərəfindən görüntülər “Eyeball” platformasına yüklənəcək və burada geniş data analizi təqdim olunacaq. Bu analizlər futbolçuların topa toxunuş sayı, ötürmələrin ümumi sayı və dəqiqliyi, qapıya zərbələr və digər statistik göstəriciləri əhatə edəcək.

Əslində, bizim akademiya artıq üç ilə yaxındır ki, “Veo” ilə əməkdaşlıq edir. Çəkilən videolar əsasında müxtəlif analizlər aparılırdı. Lakin əvvəlki dövrdə analizlər daha çox rəqibin oyun üslubuna yönəlirdi; məsələn, onların hücumda və müdafiədə necə oynadığı, hansı zonalarda aktiv olduğu, standart vəziyyətlərdə necə davrandığı araşdırılır və məşqçilərə təqdim olunurdu. Bu məlumatlar məşqçilərə oyundan əvvəl rəqib haqqında təsəvvür formalaşdırmağa və komandanı uyğun şəkildə hazırlamağa kömək edirdi. İndi isə fərdi analizlərin də aparılması mümkün olacaq.

- Valideynlər tez-tez haqsız rəqabətdən giley-güzar edərək uşaqlar arasında seçimin obyektiv şərtlər əsasında aparılmadığını deyir. Bu sistem valideyn-akademiya münasibətlərində məlum problemə işıq tuta bilərmi?

- Bəli. Platformanın üstünlüklərindən biri də odur ki, futbolçular öz oyun epizodlarının şərhini aydın şəkildə görürlər. Valideynlər hər hansı narazılıq bildirdikdə isə analitiklər konkret video və statistik məlumatlar təqdim edərək vəziyyəti izah edirlər. Çünki valideynlər çox zaman oyuna azarkeş gözü ilə baxır və bəzi qərarları fərqli qiymətləndirə bilirlər. Data və görüntülər təqdim olunduqda isə məsələ daha aydın şəkildə izah olunur, beləcə anlaşılmazlığa yer qalmır.

- Bu layihə hansı yaş qruplarını əhatə edəcək?

- Bütün yaş qruplarını əhatə edəcək və bu sistemi indiyədək tətbiq etməyən akademiyalar da bundan faydalana biləcək. Əsas üstünlük isə dəqiq statistik məlumatların əldə olunmasıdır. Məsələn, əvvəlki dövrdə analitiklər daha çox futbolçunun situasiya daxilində verdiyi qərarları, təkbətək mübarizələrini və top qəbullarını qiymətləndirirdilər. İndi isə konkret olaraq bir futbolçunun oyun ərzində neçə pas verdiyi, bu pasların neçəsinin uğurlu və ya uğursuz olduğu kimi göstəricilər dəqiq rəqəmlərlə müəyyən ediləcək və bu da analizlərin keyfiyyətini artıracaq.

- X komanda Y komandanın dataları ilə tanış ola biləcək, yoxsa məxfilik qorunacaq?

- Hər komandanın məlumatları öz sistemində qalacaq. Analitiklər rəqibin hansı sistemdə oynadığını, ən güclü futbolçularını və hansı zonalarda daha effektiv olduğunu araşdıraraq məşqçilərə həll yolları təqdim edirlər. Məqsəd yalnız məlumat vermək deyil, həm də bu məlumat əsasında düzgün strategiya qurmaqdır.

- Bir komandanın analizinə təxminən nə qədər vaxt lazımdır?

- Minimum beş saat vaxt aparır. Ümumiyyətlə, bu proses diqqət və səbir tələb edir.

- Yeni bir istiqamət olduğu üçün mənə maraqlıdır: bu işlə məşğul olanlar əsasən data analitiklərdir, yoxsa futbol adamları?

- Futbol adamları.

- Məsələn, sizin ixtisasınız nədir?

- Mən özüm “Sumqayıt” Futbol Akademiyasının yetirməsiyəm. Müəyyən səbəblərdən futbolçu karyeram alınmadı. Ancaq yenə də bu yoldan imtina etmədim. Türkiyədə futbol idarəçiliyi üzrə təhsil aldım. Bu gün də öz üzərimdə işləməyə davam edirəm. Futbol daim inkişafdadır, hər gün nələrsə dəyişir. Mütəmadi olaraq özümüzü inkişaf etdirməliyik. Müasir futbol tam fərqli şeylər tələb edir.

- Məsələn, nə?

- Artıq futbol 90-cı illərdəki kimi deyil. Müasir futbolda analitika getdikcə daha böyük rol oynayır. Məsələn, Pep Qvardiola kimi məşqçilərin heyətində 6-7 analitik məşqçi çalışır. Təəssüf olsun ki, Azərbaycanda klublar bu sahəyə yetərincə diqqət ayırmır. Hətta bir çox akademiyamızda analitika departamenti yoxdur. Ümid edirəm ki, zamanla problem həllini tapacaq.

- Bəs uşaqlar necə? Öz datalarını bilməkdə maraqlıdırlar?

- Bizim akademiyada analitik departament artıq üç ildir fəaliyyət göstərir. Başlanğıcda futbolçular bu prosesə o qədər də maraq göstərməsələr də, zamanla aparılan fərdi söhbətlər və analizlər nəticəsində onların yanaşması dəyişib. Artıq özləri yaxınlaşıb dataları ilə maraqlanırlar. Hazırda hər həftə analizlər aparılır və əsas məqsəd yalnız səhvləri göstərmək deyil, eyni zamanda doğru edilənləri vurğulamaq və daha yaxşısının necə edilə biləcəyini göstərməkdir. Bu proses müzakirələr və fikir mübadiləsi ilə daha da effektiv olur.

- Konkret bir nümunə üzərindən çıxış etsək?

- Məsələn, bizdə Emil Həsənov var. Onun ilk analizlərinə baxanda görürdük ki, top istəmək üçün rəqib üzərinə çox gedir. Biz ona izah etdik ki, sən hücumda oynayan futbolçusan, arxaya gəlməklə enerji itirirsən. Əgər burada dayanmalısansa, bir şəkildə o top sənə gələcək. Aparılan müzakirələrdən sonra artıq Emil o səhvləri etmir, qollar vurur, yaxşı oyun nümayiş etdirir. Hətta artıq milliyə namizəddir.

- Hazırda departament olaraq prioritetləriniz nələrdir?

- Futbolçuların inkişafı beş əsas aspekt üzrə qiymətləndirilir: taktiki, texniki, fiziki, sosial və psixoloji. Analitiklər əsasən taktiki və texniki sahəyə fokuslanır, fiziki hazırlıq fiziki məşqçilər tərəfindən, sosial və psixoloji tərəflər isə baş məşqçilər tərəfindən idarə olunur. Futbolçu əsas komandaya yüksəldikdə artıq texniki və taktiki baxımdan formalaşmış olmalıdır. Yəni baş məşqçi ona top qəbulunu izah etməklə vaxt itirməməlidir.

Bir sözlə, bizim əsas məqsədimiz komandaya hazır futbolçular yetişdirməkdir. Ümumilikdə, bu layihə Azərbaycan futbolu üçün mühüm yenilikdir. Data analitikasının tətbiqi futbolçuların inkişafını sürətləndirəcək. Gələcəkdə analitik departamentlərin sayının artması ölkədə ümumi futbol səviyyəsinin yüksəlməsinə ciddi təsir göstərə bilər. Bu sistem fərdi oyunçu yetişdirilməsində mühüm rol oynayır. Dünyanın hər yerində futbol eynidir. Niyə biz Avropa bazarına futbolçu verməyək?