Azərbaycan milli komandası FIFA Series 2026 turnirinin qalibi oldu. Əvvəlcə təbrik edirik. 

Bəs bu turnirdə iştirak, Amerika və Afrikadan gələn yığmalar üzərində qələbə və kuboku əldə etmək milli komandamız üçün niyə vacibdir? 

Gəlin, xülyalardan ayılaq, bizim milli komandamız FIFA reytinqində 125-ci yerdədir. Bəli, biz Ukrayna kimi komandadan xal ala bilərik. Bəli, biz Fransa ilə mübarizə ortaya qoyub, kişi kimi məğlub ola bilərik. Lakin nəinki yüksək reytinqli yığmalar, öz səviyyəmizə yaxın millilər ilə də bacarmırıq, çətinlik çəkirik. 

 Azərbaycan milli komandası sonuncu qələbəsini 2024-cü ilin 11 iyununda qazanmışdı. Bu isə nə az nə çox 1 il 9 ay edir. Bu müddət ərzində 16 beynəlxalq oyun keçirmiş, bunlardan 3-də heç-heçə edib, 13 dəfə məğlub olmuşuq. Qələbə nə olan şeydir? Bu müddətdə yığmamız bunun hamısını yadırğayıb. 

Bu bir neçə gündə milli komandamız əvvəlcə qələbənin nə olduğunu xatırladı. Reytinqdə 168-ci yerdə olan, okeanın o tayında yerləşən Karib adalarından gələn Sent Lüsiyanı məğlub etdik. 6:1 hesablı qələbədə hər qolu bir futbolçu vurdu. Deməli, yığmada qapıya topu dəqiq göndərə bilən tapıla bilərmiş. Bu gün isə reytinqdə 119-cu yerdə qərarlaşan Syerra Leone millisinə penaltilər seriyasında qalib gəldik (1:1, 9:8). Nəticədə turnirin qalibi olduq. Kubokun ölçüsü hər iki mənada nə qədər kiçi olsa da, özünü milli komanda ilə birgə hiss edən hər bir kəs yığmada qazanmağın da mümkün olduğunu dərk etdi. 

Maraqlı faktın biri də budur: Milli sonuncu dəfə də azərbaycanlı baş məşqçinin rəhbərliyi altında qalib gəlmişdi. 1 il 9 ay öncə Arif Əsədov, son günlərdə isə Ayxan Abbasov yığmamıza qələbənin nə demək olduğunu yada saldı. 

Nə demək olar? FIFA turnirləri çərçivəsində ilk qələbəmizi, titulumuzu qazandıq. Qarşıdan daha bir toplanış və Millətlər Liqası oyunları gələcək. 0-dan başlayırıqsa, bu cür qalibiyyətlərin olması hava-su kimi vacibdir. Yol uzun və keşməkeşlidir. Bəlkə sonunda Dünya, ya da Avropa çempionatına da çatdıq, bilmək olmaz!