AFFA-nın İntizam Komitəsi "Turan Tovuz" klubunu 20 min manat cərimələyib.
Offsideplus.az xəbər verir ki, buna səbəb Tovuz təmsilçisinin fevralın 23-də Misli Premyer Liqasının XXIV turu çərçivəsində "Şamaxı” ilə səfər oyunundan öncə yaydığı bəyanat olub.
Həmin bəyanatda matçın "CBC Sport" telekanalında canlı yayımlanmayacağının və VAR sisteminin yoxluğunun hakimlərin oyunu şəffaf idarə etməyəcəyi ehtimalı yarada biləcəyi nəzərə çatdırılaraq, görüşün təxirə salınması xahiş edilib. Müraciətə baxmayaraq, qarşılaşma baş tutub və "Turan Tovuz" 1:0 hesabı ilə qalib gəlib.
Lakin AFFA bu bəyanata görə sərt addımlar atmaq qərarına gəlib. İntizam Komitəsinin dünənki iclasınnda kluba rəsmi xəbərdarlıq olunmuşdusa, bu gün böyük miqdarda pul cəriməsi kəsilib.
AFFA-nın rəsmi saytında sərt qərarın səbəbləri belə izah olunur: "Turan Tovuz”un rəsmi “Facebook” səhifəsində və veb-saytında AFFA və PFL-in nüfuzuna xələl gətirən, həmçinin AFFA, PFL və onların bayrağı altında keçirilən yarışların şəffaflığını sual altına alan açıqlama paylaşılb. Bu bəyanat cəmiyyət arasında AFFA və PFL-in fəaliyyəti ilə bağlı mənfi rəy formalaşdırmağa yönəlib, futbolun idarəedici qurumlarının qərarlarının obyektivliyinə dair şübhələr yaradıb".
İntizam Komitəsi "Turan Tovuz" rəsmilərinə xatırladıb ki, qeyri-sabit hava səbəbindən VAR sisteminin olmaması və ya canlı yayımın təmin edilməməsi oyunun keçirilməməsi üçün əsas hesab edilmir.