"Kəpəz" klubu azarkeşlərinə müraciət edərək onları stadionda pirotexniki vasitələrdən istifadə etməməyə çağırıb.

Offsideplus.az xəbər verir ki, buna Misli Premyer Liqasının V turundakı "Kəpəz" - "Qəbələ" matçında (12 sentyabr) yaşanan insident səbəb olub. Oyunun 64-cü dəqiqəsində tribuna məşəl yandıran azarkeş polis tərəfindən saxlanılaraq cərimələnib.

Klub qayda pozuntusunun təkrarlanacağı halda 15 günədək inzibati həbs cəzasının tətbiq olunacağını bildirib.

Bəyanatda pirotexniki vasitələrin qanunla qadağan edildiyi, insan sağlamlığı üçün ciddi təhlükə yaratdığı xatırladılıb. Həmçinin nizam-intizam qaydaları pozulacağı təqdirdə analoji tədbirlərin davam etdiriləcəyi vurğulanıb.

Qeyd edək ki, azarkeşlərin pirotexnikadan istifadəsinə görə AFFA-nın İntizam Komitəsi "Kəpəz"i son iki həftədə iki dəfə cərimələyib ("Turan Tovuz"la oyuna görə 3000, "Qəbələ" matçına görə 5000 manat).